Türkiyənin Kahramanmaraş şəhərində baş verən və ölkəni sarsıdan məktəb hücumu ilə bağlı yeni və diqqətçəkən detallər üzə çıxıb. Hücumu həyata keçirən 16 yaşlı İsa Aras Mersinlinin “WhatsApp” profil fotosunda ABŞ-da kütləvi qətliam törətmiş şəxsin görüntüsünün olduğu məlum olub.
Referans Media xəbər verir ki, hadisə Ayser Çalık Orta Məktəbində baş verib. İsa Aras Mersinli məktəbə silahlı hücum edərək bir müəllim və səkkiz şagirdi öldürüb, daha 17 şagirdi yaralayıb. Hücumçu daha sonra istifadə etdiyi silahla intihar edib.
Atasına məxsus silahlarla məktəbə gəlib
İlkin məlumatlara görə, hücumçu məktəbə atasına məxsus silahlarla gəlib. O, polis baş müfəttişi olan atasına aid 5 silah və 7 darağı çantasına qoyaraq günorta saatlarında məktəbə daxil olub və müəllimlərlə şagirdlərə fərq qoymadan atəş açıb. Hücum nəticəsində riyaziyyat müəllimi Ayla Kara və 8 şagird həyatını itirib, 17 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
“WhatsApp” profilindəki görüntü diqqət çəkdi
Hadisədən sonra aparılan araşdırma zamanı məlum olub ki, 2008-ci il təvəllüdlü Mersinlinin “WhatsApp” profil fotosunda 2014-cü ildə ABŞ-da altı nəfəri öldürən Elliot Rodgerin şəkli yer alıb. Rodger həmin il Kaliforniyanın Isla Vista şəhərində hücum həyata keçirdikdən sonra intihar etmişdi.
Türkiyə polisi hadisə ilə bağlı araşdırmanın çoxşaxəli şəkildə davam etdiyini bildirib. Rəsmi açıqlamada hücumçunun sosial media profilində Elliot Rodgerə istinad edən görüntüdən istifadə etdiyi təsdiqlənib. Həmçinin hücumçunun atası Uğur Mersinli aprelin 15-də saxlanılıb və məhkəmənin qərarı ilə həbs edilib. Evdə və avtomobildə aparılan axtarışlar zamanı əldə edilən bütün rəqəmsal materiallar ekspertizaya göndərilib. İlkin nəticələrə görə, hadisənin terror təşkilatları ilə əlaqəsi olmadığı və fərdi motivli hücum olduğu ehtimal edilir.
“İncel” ideologiyası nədir?
Hadisə fonunda “incel” adlanan radikal internet subkulturu yenidən müzakirə mövzusuna çevrilib. “Incel” termini ingiliscə “involuntary celibacy” – yəni “istəmədən subay qalmaq” ifadəsindən yaranıb.
Bu ideologiyaya bağlı şəxslər romantik münasibətlər qura bilmədiklərinə görə cəmiyyəti və xüsusilə qadınları günahlandırır, bəzi hallarda isə nifrət və zorakılığa meylli fikirlər yayırlar.
