Meloni-Tramp savaşı qızışdı: “Nüvə” açıqlaması dünyanı silkələdi

ABŞ prezidenti Donald Tramp ilə İtaliyanın baş naziri Giorgia Meloni arasında İran müharibəsi və Papa 14-cü Leo ilə bağlı açıqlamalar fonunda yaranan gərginlik daha da kəskinləşib.

Referans Media xəbər verir ki, tərəflər arasında başlayan siyasi fikir ayrılığı qısa müddətdə sərt ittihamlara və “nüvə silahı” mövzusunda qarşılıqlı bəyanatlara qədər yüksəlib.

Gərginliyin ilkin səbəblərindən biri Meloninin ABŞ prezidentinin Vatikan və Papa 14-cü Leo ilə bağlı sözlərini “qəbuledilməz” adlandırması olub. Buna cavab verən Tramp Meloniyə sərt tonda reaksiya göstərib və onun mövqeyini tənqid edib.

Trampın açıqlamasında İtaliyanın təhlükəsizlik baxımından risk altında ola biləcəyi ilə bağlı sərt ifadələr də yer alıb.

Meloni isə cavabında dünya tarixində nüvə silahından istifadə edən yeganə dövlətin ABŞ olduğunu xatırladaraq Vaşinqtonu tənqid edib. O, nüvə ritorikasının azaldılmasının vacibliyini vurğulayaraq gərginliyin artırılmasının əleyhinə olduğunu bildirib.

ABŞ prezidenti Meloninin İranla bağlı proseslərdə ABŞ-ni dəstəkləməməsinə də reaksiya verib. Tramp onun mövqeyini gözlənilməz adlandıraraq “şok oldum” ifadəsini işlədib və Meloninin əvvəl düşündüyü kimi “cəsur olmadığını” iddia edib.

İki lider arasındakı gərginliyin əsas səbəblərindən biri kimi İran ətrafında davam edən münaqişə və ABŞ–İtaliya münasibətlərindəki strateji fikir ayrılıqları göstərilir.

Diplomatik dairələr hesab edir ki, bu qarşıdurma ABŞ və Avropa İttifaqı daxilində yeni siyasi gərginlik dalğasına səbəb ola bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki