Mərakeşin Tubkal dağında qar uçqunu: 3 nəfər ölüb

Mərakeşdə ölkənin ən yüksək zirvəsi olan Tubkal dağında baş verən qar uçqunu nəticəsində 3 nəfərin həyatını itirdiyi təsdiqlənib.

Referans Media xəbər verir ki, bu barədə Mərakeş Silahlı Qüvvələri məlumat yayıb.

Rəsmi açıqlamaya görə, yanvarın 18-də ölkənin mərkəzində yerləşən İmlil yaşayış məntəqəsindən Tubkal dağı istiqamətində hərəkət edən keçiddə uçqun baş verib və nəticədə 3 nəfər qar altında qalıb. Hadisədən dərhal sonra yerli icra strukturları, ordu və mülki müdafiə qüvvələri ilə birgə axtarış-xilasetmə əməliyyatlarına başlayıb.

Çətin hava şəraiti, güclü qar yağışı və mürəkkəb relyefə baxmayaraq, xilasetmə qrupları hadisə yerinə aparan yolları açaraq itkin düşən şəxslərin cəsədlərini tapıb və ərazidən çıxarıb.

Mərakeş Meteorologiya Xidməti isə ölkənin müxtəlif bölgələrində şənbə gününədək davam edəcək alçaq təzyiq zonası səbəbindən güclü yağış, qar və şiddətli küləklərin gözlənildiyi barədə xəbərdarlıq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki