2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın nəqliyyat sektorunda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 2.3 və 5.3 faiz artıb.
Referans rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, bu dövrdə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 198 milyon 300 min ton (198.3 milyon ton) yük daşınıb. Yüklərin 3.9 faizi dəniz, 7 faizi dəmir yolu, 0.2 faizi hava, 61.5 faizi avtomobil nəqliyyatı, 27.4 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3.7 faiz artıb və daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 79.9 faiz təşkil edib.
