“Coğrafiya müəllimləri üçün keçiriləcək sertifikasiya imtahanı çətin olmayacaq”.
Referans xəbər verir ki, bu fikirləri AzEdu.az-a açıqlamasında ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev bildirib.
Ekspert qeyd edib ki, sertifikasiya imtahanının 50 faizini keçənlər müsabiqə mərhələsini ödəmiş hesab olunurlar:
“50 faizdən aşağı nəticə göstərənlər isə artıq müsabiqədən kəsilmiş sayılır. 50–80 faiz nəticə göstərən müəllimlərin əməkhaqqına 10 faiz, 80 faizdən yuxarı nəticə toplayanlara isə 30 faiz əlavələr edilir. Bu da, öz növbəsində, müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində hesablanan əlavə stimullardan biridir.
Düşünürəm ki, coğrafiya müəllimləri üçün keçiriləcək sertifikasiya imtahanı çətin olmayacaq. Çünki bu fənn həm sevilən, həm də orta məktəblərdə şagirdlərin maraq dairəsində olan fənlərdən biri kimi qiymətləndirilir. Ona görə də hesab edirəm ki, bu fəndə ciddi bir problem yaşanmayacaq. Eyni zamanda, coğrafiya fənni üzrə müsabiqə şərtlərini ödəyən müəllimlərin sayının digər fənn müəllimləri ilə müqayisədə daha çox olacağı qənaətindəyəm.
Bizdə sertifikasiya imtahanları yeni başladığı üçün bu istiqamətdə kifayət qədər test tapşırıqları və materialların yetərli olmadığını düşünürəm. Test bazası hələ tam formalaşmayıb. Amma bütün siniflər üzrə öz fənninə tam şəkildə bələd olan bir müəllim üçün bu imtahanlarda uğur qazanmaq çətin deyil.
Əgər bir müəllim tədris etdiyi fəndən imtahanda 50 faiz nəticə göstərə bilmirsə, o zaman müəllimlik etməsin, getsin başqa bir fəaliyyətlə məşğul olsun. Əslində, sertifikasiya imtahanı təhsilverənlərin bilik səviyyəsini üzə çıxardı. Bu baxımdan düşünürəm ki, biz bu imtahana təşəkkür etməliyik. Çünki onun vasitəsilə övladlarımıza dərs deyən müəllimlərin bilik səviyyəsi ortaya çıxdı. Bizim uşağımıza ‘2’ yazan müəllim bu gün özü ‘2’ aldı”.