Trinidad və Tobaqo hökuməti bazar ertəsi günü yaydığı açıqlamada, Venesuela ilə artan gərginlik fonunda qarşıdakı həftələrdə ABŞ hərbi təyyarələrinin ölkənin hava limanlarından istifadə etməsinə icazə veriləcəyini bildirib.
Referans Media xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ tərəfi bu uçuşların “tamamilə logistik xarakter daşıyacağını, yanacaq doldurulması və rutin heyət dəyişimini asanlaşdırmağa xidmət edəcəyini” qeyd edib.
Xarici işlər naziri Şon Sobers bu qərarın iki adadan ibarət olan dövlətin regional təhlükəsizlik məsələlərində ABŞ ilə əməkdaşlıq öhdəliklərinin tərkib hissəsi olduğunu vurğulayıb. Son həftələrdə ABŞ Trinidad və Tobaqo ərazisində hərbi təlimlər keçirib və bir radar sistemi quraşdırıb. Hökumət həmin radarın dənizdə narkotik qaçaqmalçılığı ilə mübarizə məqsədi daşıdığını açıqlayıb.
Venesuela isə daha əvvəl bu təlimləri “hərbi təxribat” adlandıraraq kəskin şəkildə pisləmişdi. Lakin Sobers bu fəaliyyətlərin bölgədə, xüsusilə də Venesuelaya qarşı mümkün ABŞ hərbi əməliyyatına hazırlıq olduğu iddialarını qətiyyətlə rədd edib.
Bazar ertəsi günü Venesuela hökuməti ötən həftə öz sahilləri yaxınlığında bir neft tankerinin ABŞ tərəfindən ələ keçirilməsində Trinidad və Tobaqonun rolunun olduğunu iddia edərək, bu ölkəyə yönəlik bütün təbii qaz tədarükü razılaşmalarını ləğv edəcəyini açıqlayıb. Rəsmi Karakas bu ittihamlarla bağlı hər hansı sübut təqdim etməyib.
Venesuela hökuməti eyni zamanda radar sisteminin Venesuela nefti daşıyan gəmiləri izləmək və təzyiq göstərmək məqsədi daşıdığını irəli sürüb. Rəsmi bəyanatda Trinidad və Tobaqonun baş naziri Kamla Persad-Bissessar “düşmən mövqedə dayanmaqda” ittiham edilib və onun ölkəsini “Venesuelaya qarşı istifadə edilən ABŞ təyyarədaşıyan gəmiyə çevirdiyi” iddia olunub.
