Türkiyə qida sektorunda bir çox tanınmış brendi özündə birləşdirən Yıldız Holdinq şirniyyat və qida sənayesində mühüm qərar qəbul edib. Holdinq uzun illər fəaliyyət göstərdiyi şəkər istehsalı sahəsindən çıxmağa hazırlaşır.
Referans Media xəbər verir ki, Şirkət 2013-cü ildən idarə etdiyi Adapazarı Şəkər Zavodunun satışı ilə bağlı Bor Şəkər şirkəti ilə ilkin protokol imzalayıb. Bu barədə məlumat İctimai Məlumat Platformasına (KAP) edilən rəsmi bildirişdə açıqlanıb. Bildirişdə satış məbləği barədə hər hansı məlumat verilməyib.
Bor Şəkər tərəfindən yayılan açıqlamada bildirilib ki, imzalanmış ilkin protokol tərəflərin satışla bağlı niyyətini göstərir. Prosesin yekun mərhələsi isə bağlayıcı səhmlərin ötürülməsi müqaviləsinin imzalanması ilə tamamlanmalıdır.
Səhmlərin ötürülməsi baş tutarsa, zavodun əməliyyat fəaliyyətinin Bor Şeker tərəfindən idarə olunmasına dair detallar da müəyyənləşdiriləcək. Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilir.
Adapazarı Şəkər Zavodunun satış prosesi başa çatdıqdan sonra Yıldız Holdinq şəkər istehsalı sahəsindəki bütün fəaliyyətlərini dayandırmış olacaq. Bununla da holdinq uzun illər fəaliyyət göstərdiyi bu sektordan tamamilə çəkiləcək.
Bor Şəkər şirkəti satınalma ilə bağlı danışıqların 31 yanvar 2026-cı ildə başladığını açıqlayıb. Şirkət bildirib ki, strateji səbəblərə görə proses barədə məlumat dərhal ictimaiyyətə açıqlanmayıb.
Açıqlamada həmçinin qeyd olunub ki, şirkətin maraqlarının qorunması və səhmlərin dəyərində mümkün spekulyativ dəyişikliklərin qarşısını almaq məqsədilə bu məlumatın açıqlanması müəyyən müddət təxirə salınıb.
Bu qərar Yıldız Holdinqin biznes strategiyasında mühüm dəyişiklik kimi qiymətləndirilir və şirkətin gələcəkdə digər sahələrə daha çox fokuslanacağı gözlənilir.
