image-netenyahu8backend

Netanyahudan İran və “Hizbullah”a SƏRT MESAJ

Benyamin Netanyahunun son mətbuat konfransında İranın yeni Ali Rəhbəri Müctəba Xamenei və “Hizbullah”ın baş katibi Naim Qasım barədə danışarkən “sürprizlər olacaq” ifadəsini işlətməsi bölgədə mümkün yeni gərginlik ehtimalını gündəmə gətirib. Bu açıqlama İsrailin qarşıdakı addımları ilə bağlı hansı mesajı verir?

Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Netanyahunun bu sözləri əsasən təhdid və psixoloji təzyiq xarakteri daşıyır.

Politoloqun sözlərinə görə, İsrail bu cür açıqlamalarla həm İran rəhbərliyinə, həm də “Hizbullah”a mesaj verməyə çalışır:
“Bu mesaj əlbəttə ki, təhdid xarakteri daşıyır. Netanyahu demək istəyir ki, İranın yeni ali rəhbəri Müctəba Xamenei və Hizbullahın baş katibi Naim Qasım İsrailin əməliyyatları zamanı hədəfə çevrilə bilər. İsrail regionda belə əməliyyatlar həyata keçirmək təcrübəsinə malikdir və sui-qəsd üsulu onların xüsusi xidmət orqanları tərəfindən zaman-zaman tətbiq olunan metodlardan biridir”.

Ekspert qeyd edib ki, bu cür açıqlamalar həm də psixoloji təsir yaratmaq və qarşı tərəfi təzyiq altında saxlamaq məqsədi daşıyır.
Onun sözlərinə görə, proseslərin gələcək inkişafı hərbi əməliyyatların nə qədər davam edəcəyindən asılı olacaq:

“ABŞ-dan verilən açıqlamalar göstərir ki, Vaşinqton əməliyyatların uzun müddət davam etməsində maraqlı deyil. Buna görə də müəyyən müddətdən sonra əməliyyatların dayandırılması ehtimalı var. İran ordusunun generallarından da bu istiqamətdə açıqlamalar səsləndirilib”.
Politoloq əlavə edib ki, əgər hərbi əməliyyatlar qısa müddətdə dayandırılsa, hazırkı mərhələdə adı çəkilən şəxslərlə bağlı ciddi təhlükə gözlənilmir. Lakin qarşıdurma uzanarsa, vəziyyət dəyişə bilər.

“Əgər əməliyyatlar uzunmüddətli xarakter alarsa və Novruzdan sonra da davam edərsə, o zaman İsrail tərəfindən bu iki şəxsin hədəfə alınması ehtimalı gündəmə gələcək. Çünki ən yüksək səviyyədə belə iddialar səsləndirilirsə, demək ki, bunun müəyyən əsasları da mövcuddur”, – deyə Zeynal Əmrəliyev vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki