image-hekimbackend

Növbə tibb bacılarına ÇATDI – Xəstə ilə vicdansız davrananları hansı cəza GÖZLƏYİR?

Tibb işçiləri şəxslərin sağlamlıqlarına zərər vurduqları üçün cərimə ödəyəcəklər. Bu, Milli Məclisin mayın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, tibb işçisinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz peşə vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min manatdan doqquz min manatadək məbləğdə cərimə ediləcək.

Bəs bunun meyarları necə olacaq? Tibb işçisinin həqiqətən vicdansız davrandığı necə müəyyən ediləcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan professor, tibb elmləri doktoru Adil Qeybulla deyib ki, bütün dünyada həkim etikası kodeksi var:

“Həkimlərin peşə fəaliyyəti ilə bağlı olan bütün davranışlar, onlara nəzarət və bu davranışların hüquqi məsuliyyət məsələsi orada təsbit olunub. Həmçinin, tibb bacılarının da. Ona görə də düşünürəm ki, onun içərisinə Hippokrat andı daxil olmaqla həkim etikası kodeksi qəbul edilməlidir. Ondan sonra bu cür əndirabadi qanunlara ehtiyac yoxdur. Vicdansız yanaşma olduğunu kim təyin edəcək?! Əvvəla bunun protokolları var, bu da klinik protokolllardır. Hüquqi məsuliyyət meyarlar əsasənda müəyyən edilir. Hüquqi meyarlar da klinik protokollardır. O klinik protokollarda müalicə, müayinə, diaqnostika prosesinə nə dərəcədə düzgün əməl edilməsi məsələsi əsasdır”.

O bildirib ki, digər məsələlər mənəvi məsələlərdir:

“Ona görə də biz həkim etikası kodeksini qəbul etməliyik, həm də klinik protokolların tətbiqinə çalışmalıyıq. Əks halda bu, hüquq-mühafizə orqanlarının üzərində qalacaq. Onlar təyin edəcək ki, həkim burda vicdansız, yoxsa vicdanlı davranıb. Hesab edirəm ki, bu düzgün deyil. Bunların meyarları olmalıdır. Belə olan halda həkim də deyə bilər ki, qayda bu cür olduğu üçün mən düzgün eləmişəm”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki