Viktor Orban rəhbərliyindəki Macarıstan 12 aprel tarixində son 16 ilin ən kritik seçkilərinə hazırlaşır. Sorğulara görə, hazırkı baş nazir üçün bu seçki siyasi karyerasının ən çətin sınağı hesab olunur.
Referans Media xəbər verir ki, Son anket nəticələri göstərir ki, Macarıstan əhalisinin böyük hissəsi Avropa İttifaqı ilə daha yaxın və əməkdaşlığa əsaslanan münasibətlər istəyir. Araşdırmalara görə, seçicilərin təxminən 77 faizi Aİ üzvlüyünü dəstəkləyir, 68 faizi isə Brüssellə münasibətlərdə dəyişiklik tələb edir.
Orban uzun illərdir miqrasiya, Ukraynaya dəstək və sanksiyalar kimi mövzularda Aİ ilə qarşıdurma içində olub. Bu səbəbdən keçiriləcək seçki yalnız daxili siyasət deyil, həm də Macarıstanın Avropa ilə gələcək münasibətlərinin istiqamətini müəyyən edə bilər.
Rəqiblər arasında xüsusilə Péter Magyar və onun rəhbərlik etdiyi Tisza Partiyası ön plana çıxır. Sorğular göstərir ki, dəyişiklik istəyən seçicilər arasında bu partiya daha yüksək dəstəyə malikdir.
Araşdırmalar həmçinin göstərir ki, seçicilər üçün əsas faktor xarici siyasətdən çox daxili problemlərdir. Korrupsiya, iqtisadi vəziyyət və inflyasiya seçki davranışına birbaşa təsir edən əsas mövzular kimi önə çıxır.
Mütəxəssislərin fikrincə, seçkinin nəticəsindən asılı olmayaraq Macarıstanın Avropa İttifaqı ilə münasibətlərində tam kəskin dönüş deyil, daha çox tədrici dəyişikliklər gözlənilir.
