image-paracetamolbackend

“Paracetamol” təhlükəsi – Milyonların istifadə etdiyi dərman apteklərdən yığılır

Böyük Britaniyada milyonlarla insanın istifadə etdiyi məşhur reseptsiz ağrıkəsici və qızdırmasalıcı dərman – “Paracetamol”un bəzi partiyaları istifadəçilər üçün potensial təhlükə yaratdığı ehtimalı ilə geri çağırılır.

Böyük Britaniyanın dərman və sağlamlıq məhsulları tənzimləmə agentliyi  tərəfindən verilən qərarla “Chelonia Healthcare Limited” şirkətinin istehsalı olan 500 mq-lıq “Paracetamol” tabletlərinin  iki partiyası apteklərdən və satış məntəqələrindən geri yığılır.

Qərarın verilməsinə səbəb kimi bəzi tabletlərdə rəng dəyişikliyi aşkarlanması göstərilir. Rəng dəyişikliyi isə tabletlərin kontaminasiya – yəni zərərli maddələrlə çirklənmə riski altında ola biləcəyini göstərir.

Agentliyin açıqlamasında vurğulanıb:

“Tablet ağ rəngdə və bir üzündə xəttli kapsul formasında olmalıdır. Əgər bu partiyalara aid dərmanlarda rəng dəyişikliyi müşahidə etsəniz, dərhal eczacınıza və ya həkiminizə müraciət edin”.

Bununla yanaşı, dərmanı qəbul etdikdən sonra hər hansı yan təsir hiss edən şəxslərə təcili şəkildə tibbi yardım almaq tövsiyə olunur. Həkimlərə və əczaçılara da həmin partiyalara aid dərmanların paylanmasını dərhal dayandırmaq tapşırılıb.

Xatırladaq ki,  2019-cu ildə Avropada baş verən bənzər hadisə zamanı rəngi dəyişmiş “Paracetamol” tabletlərində “Penicillium citrinum” adlı göbələk növü aşkarlanmış və bu dərman partiyalarının sağlamlıq üçün təhlükəli ola biləcəyi bildirilmişdi.

Bu dəfəki geri çağırma elanında rəng dəyişikliyinə səbəb olan konkret risk açıqlanmasa da, ciddi narahatlıq yaradıb.

Qeyd edək ki, paracetamol Böyük Britaniyada həm reseptsiz, həm də reseptlə ən çox istifadə edilən dərmanlardan biridir./Yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki