ABŞ və İran arasında atəşkəs qeyri-müəyyənliyi davam edərkən, rəsmi Moskvadan tərəflərə nüvə münaqişəsini həll etmək üçün yeni çağırış gəlib.
Kremlin mətbuat katibi Dmitri Peskov, tərəflərin razılığı olacağı təqdirdə, İrana məxsus zənginləşdirilmiş uranı saxlamaqla bağlı təklifin hələ də masada olduğunu bəyan edib.
Referans Media Sfera.az istinadən xəbər verir ki, Dmitri Peskov bildirib ki, bu təklif şəxsən Prezident Vladimir Putin tərəfindən həm ABŞ-yə, həm də region ölkələrinə çatdırılıb. Lakin indiyədək bu istiqamətdə heç bir konkret addım atılmayıb. Kremlin bu açıqlaması həftəsonu İran və ABŞ arasında baş tutan görüşlərin uğursuzluqla nəticələnməsindən sonra gəlib. Fevral ayının sonundan bəri davam edən, minlərlə insanın həyatına son qoyan və qlobal iqtisadiyyatı xaosa sürükləyən müharibəni dayandıracaq sürətli həll ümidləri getdikcə zəifləyir.
Dünyanın ən böyük nüvə arsenalına sahib olan Rusiya, daha əvvəl də bənzər təkliflərlə çıxış edib. Kremlin bugünkü bəyanatında həmçinin ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını blokadaya almaq hədəsi də tənqid olunub.
Xatırladaq ki, fevral ayının sonlarında ABŞ və İsrailin İrana qarşı başlatdığı hücumlardan sonra boğazda dəniz nəqliyyatı demək olar ki, dayanıb. Peskovun sözlərinə görə, bu cür hərəkətlər beynəlxalq bazarlara mənfi təsir göstərməkdə davam edəcək və qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi daha da dərinləşdirəcək.























