Azərbaycanın qeyri-neft ixracını artırmaq və Naxçıvan istehsalçılarının ölkənin digər bazarlarına çıxışını asanlaşdırmaq üçün dövlət logistik xərclərin böyük hissəsini öz üzərinə götürməyə hazırlaşır. Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, 2026-cı ildən etibarən qeyri-neft-qaz məhsullarının ixracı və Naxçıvanda istehsal olunan malların Azərbaycanın digər ərazilərinə daşınması zamanı çəkilən xərclərin müəyyən hissəsi subsidiyalaşdırılacaq. Bu addımın əsas məqsədi yüksək nəqliyyat xərclərinin yaratdığı rəqabət məhdudiyyətlərini azaltmaq və ixracın şaxələndirilməsini sürətləndirməkdir.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Xalid Kərimli bildirib ki, Azərbaycanın coğrafi mövqeyi iqtisadi potensialın tam reallaşdırılması baxımından müəyyən çətinliklər yaradır:
“Ölkənin ən böyük problemlərindən biri dünya okeanına birbaşa çıxışının olmamasıdır. Xarici ticarətdə ən uğurlu ölkələr adətən dünya okeanına çıxışı olan ölkələrdir. Çünki belə olan halda başqa dövlətlərin sərhədlərindən keçməyə ehtiyac olmur. Azərbaycan isə məhsulu xarici bazarlara çıxarmaq üçün bir neçə ölkənin sərhədini keçməlidir və bu da əlavə ödənişlərə, gözləmələrə və logistika xərclərinin artmasına səbəb olur”.
İqtisadçının sözlərinə görə, daşıma növləri arasında ən ucuz variant dəniz daşımalarıdır, daha sonra dəmir yolu, avtomobil və hava nəqliyyatı gəlir:
“Azərbaycanın qeyri-neft ixracına baxanda görürük ki, əsas bazarlar MDB məkanıdır. Dəmir yolu əlaqələri burada müəyyən üstünlük yaradır, amma digər bazarlara çıxış hələ də çətindir. Sahibkarlar ixrac etmək istəyəndə ciddi logistika problemləri ilə üzləşirlər”.
Xalid Kərimli qeyd edib ki, ölkədə istehsal olunan bir çox məhsulun maya dəyərində idxal olunan xammal və komponentlərin payı böyükdür:
“Mebel, metal, tikinti materialları, dərman və bir çox digər məhsullar üçün xammal xaricdən gətirilir. Yəni məhsul istehsal olunarkən bir logistika xərci yaranır, ixrac olunarkən isə ikinci logistika xərci əlavə olunur. Bu səbəbdən Azərbaycanda ixracyönümlü iqtisadiyyat qurmaq çətinləşir”.
İqtisadçı hesab edir ki, dövlətin logistik xərclərin 70 faizədək hissəsini subsidiyalaşdırması ixracın stimullaşdırılması baxımından mühüm addımdır:
“Bu, çox vacib qərardır. Effekt dərhal görünməyəcək, çünki məhsulun bazara çıxarılması, müştəri tapılması və müqavilələrin bağlanması zaman tələb edir. Amma mən hesab edirəm ki, 2027-ci ildən bu qərarın real nəticələri görünməyə başlayacaq. Yeni bazarlar və yeni məhsulların ixracı ortaya çıxacaq”.
Onun fikrincə, fərmanın tətbiqi ilə Azərbaycanın qeyri-neft ixracının coğrafiyası genişlənə, logistika yükü azala və yerli istehsalçıların rəqabət qabiliyyəti güclənə bilər.
Gülnaz Abdullazadə
