“Referans Media”nın “Sağlam həyat” rubrikasının növbəti qonağı, illərdi öz peşəsi ilə psixologiya sahəsində uğurlara imza atan Psixoloq – psixoterapevt Dilbər Bəhmənlidir.
– Xoş gördük sizi Dilbər xanım! Bəzən insanlar psixologiya ilə psixoterapiyanı səhv salır. Bu iki elm arasında başlıca fərqlər nədən ibarətdir?
Doğrudur, çox vaxt bu iki sahə qarışdırılır. Psixologiya daha geniş elm sahəsidir və insan davranışını, düşüncə və emosiyaları araşdırır. Psixoterapiya isə praktik istiqamətdir və insanın yaşadığı psixoloji problemləri və daxili konfliktləri aşkar edib onların gündəlik həyata təsirini aradan qaldırmağı hədəfləyir. Mənim yanaşmamda psixologiya nəzəriyyəni, psixoterapiya isə həmin nəzəriyyənin insan həyatına tətbiqini ifadə edir.
– Ümumiyyətlə psixoloqa hansı hallarda müraciət edilməlidir?
Psixoloqa yalnız ciddi böhran vəziyyətində yox, gündəlik həyatdakı gərginliklər, qərar vermə çətinlikləri, münasibət problemləri zamanı da müraciət etmək olar. Əslində psixoloqa getmək özünü tanıma və inkişaf yoludur. İnsan həm öz potensialını kəşf etmək, həm də daxili tarazlığını qorumaq üçün bu dəstəyə müraciət edə bilər.
– Sizə müraciət edən şəxslər daha çox hansı problemlərə görə psixoloji yardım almaq istəyirlər?
Müraciətlərin böyük qismi münasibətlərdə çətinliklər, özgüvən problemləri, təşviş pozuntuları və uşaqlıqdan gələn travmalarla bağlıdır. Çoxları həm də özünü anlamaq, həyatında təkrarlanan ssenariləri dəyişmək üçün gəlir. Əslində, hər bir pasiyentin hekayəsi unikaldır və mənim üçün ən önəmlisi bu hekayənin dərinliklərini eşidib faydalı olmaqdır.
– Bir psixoloq olaraq cəmiyyətimizdə və xüsusilə də gənc nəsildə psixoloji baxımdan hansı problemləri müşahidə edirsiniz? Və bu problemlərin həllini nədə görürsünüz?
Gənclərdə daha çox kimlik axtarışı, özünü ifadə edə bilməmək və gələcək qorxusu müşahidə olunur. Sosial medianın da təsiri ilə tez-tez müqayisə hissi və özünə güvənsizlik yaranır. Mən düşünürəm ki, həll yolu təhsildə psixoloji maarifləndirmənin artırılması, ailələrdə emosional dəstəyin güclənməsi və gənclərin özünüinkişaf mühitinə cəlb olunmasıdır.
– Adətən hər bir psixoloqun özünəməxsus müayinə və müalicə metodları olur. Bəs sizin bu istiqamətdə özünəməxsus metodlarınız varmı?
Bəli, mən daha çox inteqrativ yanaşmadan istifadə edirəm, yəni müxtəlif psixoterapiya yanaşmalarının o anki faydalı tərəflərini birləşdirirəm. Hər insan unikaldır, buna görə də standart yanaşma əvəzinə pasiyentin ehtiyaclarına uyğun fərdi metodlar tətbiq edirəm. Daha çox EMDR və Sxem terapiya istifadə edirəm.
– İnsanlara, xüsusilə də mənəvi – psixoloji cəhətdən cəmiyyətin həssas nümayəndələrinə bir mütəxəssis kimi tövsiyyələriniz nədən ibarətdir? Ümumiyyətlə oxucularımıza bir mesajınız varmı?
İnsan özünü dəyərləndirməyi öyrənməlidir. Çox vaxt biz başqalarının gözləntilərinə uyğun yaşamağa çalışırıq və öz ehtiyaclarımızı unuduruq. Tövsiyəm odur ki, hər kəs öz həyatına sahib çıxsın, daxili gücünə inansın və lazım olanda peşəkar dəstək almaqdan çəkinməsin. Mənim mesajım budur: “Daxili azadlıq və güvən insanın ən böyük sərvətidir.”
Peşənizlə bağlı gələcək planlarınız və əsas hədəfləriniz nədən ibarətdir?
Gələcək planlarımda psixoterapiya sahəsində yeni təlimlər təşkil etmək, beynəlxalq əməkdaşlıqları genişləndirmək və gənc mütəxəssislərin inkişafına dəstək olmaq var. Ən böyük hədəfim isə psixoloji biliklərin cəmiyyətdə daha əlçatan olması və insanların bu dəstəyi rahatlıqla qəbul edə bilməsidir. Bunun üçün əlimdən gələni edirəm və edəcəyəm.
Söhbətləşdi : Bünyamin Bünyadzadə
