Pul yollayıb qurban kəsdirmək olarmı? – Bilmədiyiniz vacib qaydalar

Qurban bayramı ərəfəsində dini ibadətlərin icrası ilə bağlı vətəndaşları maraqlandıran suallar yenidən gündəmə gəlib. Xüsusilə qurbanlıq heyvanların kəsilməsi qaydaları, şəriklik məsələləri və başqa şəhər və ya ölkədə yaşayan şəxslərin öz adlarından qurban kəsdirməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir. 


Maraqlıdır, qurbanı neçə nəfər şərik olub kəsə bilər? Xırda buynuzlu (qoyun, keçi) və iribuynuzlu heyvanlarda şəriklik qaydaları necədir? Həmçinin, xaricdə və ya başqa rayonda olan şəxs öz adından qurban kəsilməsi üçün kiməsə vəkalət (pul) verə bilərmi?


Referans Media  xəbər verir ki ,bütün bu suallara Sfera.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan aydınlıq gətirib. 


Onun sözlərinə görə, qurban İslam dinində əsas ibadətlərdən sayılır və imkanı çatan şəxslərin kəsməsi təkid olunur:


“Dəvə, camış, inək, keçi və qoyundan qurban kəsmək olar. Lakin qoyun və keçi kimi xırda buynuzlu heyvanları tək adam kəsə bilər. Dəvə, camış, inək kimi iribuynuzlu mal-qaranı isə 7 nəfərə qədər adam şərikli kəsib ətini bölə bilər. Qurban ətini pulla satmaq, almaq olmaz. Bu çox çirkin və qəbahət işdir. Çünki ibadətin sosial mahiyyətini təhrif etməkdir. Şəriklər birlikdə müəyyən məbləğ toplayıb aldıqları heyvanı razılıq əsasında bölə bilərlər. Ola bilər ki, qoşulan şəriklərdən biri az yaxud çox məbləğdə pul qoysun, həmin şəxs çəkdiyi xərcə görə də ət payını götürür. Yaxud razılıq əsasında az yaxud çox götürə bilər. Ümumiyyətlə kəsilən qurban Allahın adı ilə, qibləyə tərəf, Allah üçün kəsilməlidir. Heyvanların yaşı əraziyə, şəraitə görə kəsim yaşına çatmış olmalıdır. Südəmər heyvanları, şikəst, xəstə heyvanları qurban kəsmək məkruhdur. Yol kənarında, küçədə, cəmiyyət arasında kəsmək bəyənilmir. Heyvanı digər heyvanın yanında yaxud su təklif etmədən, gözünü bağlamadan kəsmək də günahdır. Yaxud içalatını, yeyilməyən hissələrini zibilliyə, küçəyə, yola dağıtmaq da məqbul deyil. Çünki dinimiz natəmizliyi qəbul etmir. Yaxşı olar ki, qurulan kəsimi üçün xüsusi qurhangahalar olsun”.

Ekspert xaricdə yaşayan şəxslərin öz adından qurban kəsilməsi üçün başqasına vəkalət verilməsi məsələsinə də aydınlıq gətirib:

“Kənarda yaşayan şəxslər digərinə pul yollayıb onun adına da qurban kəsilməsinə vəkalət edə bilər. Qurban əti əsasən 4 hissəyə ayrılır. Bir hissəsini kəsən özü və ailəsi üçün, ikinci hissəni qonşu və qohumlar üçün, üçüncü hissəni isə ehtiyacı olan digər zümrə üçün. Ancaq ətin miqdarı buna yetmirsə yalnız öz ailəsi üçün götürə, istifadə edə bilər. Qurban ətini mütləq başqalarına paylamaq vacib əmr deyil, tövsiyyədir. Ümumiyyətlə qurban kəsiminin əsas səbəblərindən biri də Allaha yaxınlaşmaq ilə yanaşı kasıblara pay verməkdir. Bu mənada imkanı olan adamlar mümkün qədər daha çox qurban kəsib kasıb və ehtiyaclı adamlara paylamalıdır”.

Məsələ ilə bağlı açıqlama verən ilahiyyatçı Elşad Miri isə bildirib ki, Allah ümumiyyətlə “Quran”da qurban kəsilməsini əmr etməyib:

“Qurban bayramı adı üstündə sadəcə bayramdır, ənənədir. Bu günümüzə qədər gəlib çıxıb və insanlar davam etdirirlər. Çünki qurbanla əlaqələndirilən bəzi anlayışlar sonrakı dövrlərdə bəzi ifadələrin fərqli mənalara gətirilməsi ilə ortaya çıxmış yanaşmadır. İndi insanlar sanki Allaha şərt qoyur ki, məsələn qızım universitetə qəbul olsun qurban kəsəcəm və s. Bu şərtdir. Doğru yanaşma deyil. Allah bizi bizdən daha gözəl bilir və “Quran”da da yazılıdığı kimi Allah bizə şah damarımızdan daha yaxındır. Əgər səmimi olsaq, düzgün olsaq dualarımız qəbul olunacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki