Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay
artırılır.
1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı 64 il 6
ay olacaq.
Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə
əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi
hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının
minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta
stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il
sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin
edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Kişilərin
yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək,
qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək
hər il 6 ay artırılmalıdır.
Beləliklə, 2021-ci il iyulun 1-dək kişilərin pensiya yaşı 65 il
olub. 2027-ci il iyulun 1-dək qadınların da pensiya yaşı 65 il olacaq.
İqtisadçı-ekspert Natiq Cəfərli Referans-a açıqlamasında bu
haqda danışıb.
“Bu bir neçə il əvvəl qəbul olunmuş qanunun növbəti dəfə yerinə
yetirilməsidir. Hazırda hər il qadınların pensiya yaşına 6 ay əlavə olunmaqla qadınların
və kişilərin pensiya yaşı eyniləşdirilir. Təəssüflər olsun ki, həmin dövrdə bu
qanunun qəbul olunması ilə bağlı müzakirələr çox da ciddi olmadı. Bu qanunun qəbulu
üçün səbəb kimi həmin dövrdə hökümət demoqrafik vəziyyəti və dünya praktikasını
göstərirdi. Amma bu doğru yanaşma deyil. Çünki Azərbaycanda demoqrafik vəziyyətə
baxdıqda dünyada gedən proseslərin əksini görürük. Hələ ki bizdə vəziyyət o
qədər də pis deyil ki, buna görə pensiya yaşını artırmaq lazım gəlsin”.
Fidan Vəlisoy