Qızılın unsiya qiyməti 2025-ci ildə 60 faizdən çox artaraq ilk dəfə 5 min dollar həddini keçib. Bu tarixi yüksəlişə ABŞ və NATO arasında Qrenlandiya ilə bağlı gərginlik, eləcə də maliyyə və geosiyasi qeyri-müəyyənliklər səbəb olub.
Referans Media xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın ticarət siyasəti və gömrük rüsumları ilə bağlı sərt açıqlamaları da bazarlarda narahatlığı artırıb. Qeyri-müəyyənlik fonunda investorlar qızıl və gümüş kimi “təhlükəsiz liman” aktivlərinə yönəlib. Gümüşün qiyməti də ilk dəfə 100 dolları keçib.
Qiymətli metallara tələbatın artmasına yüksək inflyasiya, zəifləyən ABŞ dolları, mərkəzi bankların aktiv alışları və FED-in bu il faiz endirimlərini davam etdirəcəyi gözləntiləri təsir göstərir.
Dünya Qızıl Şurasının məlumatına görə, indiyədək 216 min tondan çox qızıl hasil edilib və yaxın illərdə təklifin sabitləşəcəyi gözlənilir. Mütəxəssislər qızılın borc və ya şirkət performansından asılı olmadığını və riskli dövrlərdə effektiv qoruyucu alət olduğunu vurğulayırlar.
