​"Quranda belə bir qadağa yoxdur!" – Tanınmış ilahiyyatçı illərdir davam edən mübahisəyə NÖQTƏ QOYDU

Hər il Məhərrəmlik ayı yaxınlaşanda eyni mübahisə yenidən alovlanır: Bu ayda toy etmək günahdırmı? Cəmiyyətdə geniş yayılmış qadağa kimi qəbul edilən bu yanaşmanın dini əsası varmı? İlahiyyatçı Elşad Miri iddia edir ki, Məhərrəmlikdə toy etməməklə bağlı deyilənlərin Qurana heç bir aidiyyatı yoxdur.

Mövzu ilə bağlı Referans Media-ya danışan Elşad Miri bildirib ki, İslam dininin yeganə mənbəyi Qurandır və Quranda hər hansı ayda və ya gündə toy etməyi qadağan edən hökm yoxdur.

Onun sözlərinə görə, insanların müəyyən tarixlərdə toy edib-etməməsi şəxsi qərar və ya ailə ənənəsi ilə bağlıdır:

"İslam dininin yeganə və tək mənbəyi Qurandır. Quranda hansısa ayda və ya gündə toy etmək, ailə həyatı qurmaq barədə heç bir qadağa yoxdur. Bu, insanların şəxsi qərarlarıdır. Bir ailənin və ya nəslin həyatında baş verən hansısa yas və ya mənfi iz buraxan tarix ola bilər. İnsanlar da buna uyğun qərar verə bilərlər. Nə Ramazan ayında, nə may ayında, nə yanvarda, nə də Məhərrəm ayında toy etməklə bağlı qadağa mövcuddur. Lakin bəzi insanların müəyyən gün və ya aylarda toy edib-etməməsinə hörmətlə yanaşmaq lazımdır. Bunu din adına təqdim etmək isə doğru yanaşma deyil".

İlahiyyatçı qeyd edib ki, Azərbaycanın müxtəlif bölgələrində bu məsələyə münasibət fərqlidir:

"Qərb bölgəsində hər zaman Məhərrəmlikdə toy edilib, cənub bölgəsində isə edilməyib. Bu, ənənə məsələsidir və Qurana heç bir aidiyyatı yoxdur. Bu gün ərəblərin toy edib-etməməsi məsələni din halına gətirmədiyi kimi, farsların və ya hər hansı başqa millətin ənənəsi də dinin əmri və buyruğu hesab oluna bilməz".

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki