İran və İsrail arasında yenidən alovlanan qarşıdurma mülki aviasiya sektoruna da təsirsiz ötüşməyib. Qarşılıqlı raket hücumları səbəbindən regionda təhlükəsizlik risklərinin artması bir sıra aviaşirkətləri uçuş planlarında dəyişiklik etməyə məcbur edib.
Referans Media xəbər verir ki, bölgədə yaranan təhlükəli vəziyyət səbəbindən Türkiyənin bəzi aviaşirkətləri Yaxın Şərq istiqamətində nəzərdə tutulan reysləri ləğv edib, havada olan təyyarələr isə marşrutlarını dəyişərək geri qayıdıblar.
"AJet" aviaşirkətinin İstanbul-Ərbil reysini həyata keçirən təyyarəsi təhlükəsizlik səbəbindən İstanbulun Sabiha Gökçən Hava Limanına geri dönüb. Şirkətin İstanbul-Beyrut reysi isə Çukurova Hava Limanına yönləndirilib.
Oxşar qərar "Pegasus Hava Yolları" tərəfindən də verilib. Şirkətin İstanbul-Ərbil reysini yerinə yetirən təyyarəsi Ərbil hava məkanındakı risklərə görə geri qayıdaraq Sabiha Gökçən Hava Limanına eniş edib.
Bölgədə gərginliyin davam etməsi səbəbindən "Pegasus" şirkəti Amman, Ərbil və Bağdad istiqamətlərində planlaşdırılan növbəti uçuşlarını da qarşılıqlı şəkildə ləğv edib.
Məlumata əsasən, yalnız Türkiyə deyil, digər beynəlxalq aviaşirkətlər də təhlükəsizlik baxımından Yaxın Şərq üzərindən keçən bəzi marşrutları dəyişdirmək və alternativ hava dəhlizlərindən istifadə etmək qərarı veriblər.
Mütəxəssislər bildirirlər ki, bölgədə hərbi gərginlik davam edərsə, beynəlxalq hava nəqliyyatında əlavə məhdudiyyətlər və yeni uçuş ləğvləri də gündəmə gələ bilər.
