Son günlər qlobal valyuta bazarında müşahidə olunan dəyişikliklər – xüsusilə avronun ucuzlaşması və Rusiya rublunun möhkəmlənməsi Azərbaycanın idxal bazarı və qiymətlərə mümkün təsirləri ilə bağlı müzakirələri gündəmə gətirib. İqtisadçılar hesab edir ki, bu proseslər müxtəlif istiqamətlərdə təsir göstərə və bəzi məhsulların qiymətində fərqli tendensiyalar yarada bilər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, avronun ucuzlaşması və rublun bahalaşması Azərbaycanın idxal bazarına fərqli təsirlər göstərə bilər.

Onun sözlərinə görə, avronun ucuzlaşması Avropa ölkələrindən idxal olunan bəzi məhsulların qiymətinə müsbət təsir edə bilər.
“Avronun ucuzlaşması Avropadan idxal olunan malların qiymətində müəyyən ucuzlaşma yarada bilər ki, bu da müsbət hadisədir. Lakin digər tərəfdən, Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çox mühüm yer tutur. Rusiyada rublun bahalaşması isə Rusiyadan idxal olunan bir çox məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu da ölkədə müəyyən bahalaşma meyllərinin yaranması ilə nəticələnə bilər”, – deyə o bildirib.
V.Oruc qeyd edib ki, mövcud vəziyyətdə əsas risklər də məhz bu amillərlə bağlıdır.
Ekspert əlavə edib ki, hazırda ölkənin valyuta ehtiyatlarının kifayət qədər olması manatın sabitliyini qoruyan əsas faktorlardandır.
“Valyuta ehtiyatları həm Dövlət Neft Fondunda, həm də Mərkəzi Bankda kifayət qədərdir. Buna görə də hazırkı mərhələdə hər hansı devalvasiya ilə bağlı ciddi dəyişikliklərdən danışmaq mümkün deyil. Yalnız neft qiymətləri kəskin şəkildə və yüksək risk səviyyəsində aşağı düşərsə, bu halda devalvasiya qaçılmaz ola bilər”, – deyə o vurğulayıb.
İqtisadçı qeyd edib ki, hazırda iqtisadi göstəricilər böhran riskindən çox sabitlik tendensiyasını göstərir.
“İqtisadiyyat yalnız o zaman ciddi böhran keçirə bilər ki, neft qiymətlərində kəskin və uzunmüddətli enmə baş versin. Hazırda isə biz bunun əksini müşahidə edirik”, – deyə V.Oruc əlavə edib.
Gülnaz Abdullazadə























