Silahlı hücum təşviş yaratdı: Azərbaycanda vəziyyət necədir?

Türkiyədə yaxın günlərdə məktəbdə baş vermiş silahlı hücum valideynlər arasında ciddi təşviş yaradıb.

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanda təhsil müəssisələrində təhlükəsizlik baxımından müəyyən tədbirlər mövcuddur və bu, ümumi mənzərədə görünür.

Onun sözlərinə görə, bu məsələdə əsas məsuliyyət valideynlərin üzərinə düşür: “Valideynlər övladları ilə bağlı daha diqqətli olmalıdır. Hər bir şagird davranışının ilkin əlamətlərini ailədən gətirir, sonradan isə mühitin – ətrafındakı uşaqların və cəmiyyətin təsiri ilə formalaşdırır. Amma istənilən halda bu prosesə nəzarət valideynlərdə olmalıdır. Şagirdin psixoloji vəziyyəti, davranışı və ya deviant halları vaxtında müəyyən edilməlidir. Lazım gəldikdə psixoloji yardım təşkil olunmalı, uşağa dəstək verilməlidir”.

Ekspert qeyd edib ki, təhsil müəssisələrində təhlükəsizlik məsələləri daim diqqətdə saxlanılmalıdır. Onun sözlərinə görə, bəzi məktəblərdə artıq pilot layihələr çərçivəsində şagirdlərin giriş-çıxışına nəzarət sistemi tətbiq edilir, təhlükəsizlik kameraları və digər texniki vasitələr quraşdırılır.

Lakin bu imkanların daha çox paytaxt və özəl təhsil müəssisələrində müşahidə olunduğunu vurğulayan Elçin Əfəndi regionlarda vəziyyətin fərqli olduğunu deyib: “Rayon mərkəzlərində müəyyən nəzarət var, amma kənd məktəblərində təhlükəsizlik baxımından əlavə tədbirlər o qədər də geniş tətbiq edilmir. Bu da əsasən insanların bir-birini tanıması ilə əlaqələndirilir. Buna baxmayaraq, iri şəhərlərdə və paytaxta yaxın ərazilərdə təhlükəsizlik tədbirləri daha ciddi şəkildə gücləndirilməlidir”.

Ekspert əlavə edib ki, şagirdlərlə psixoloji işlər mütəmadi aparılmalı, deviant davranışlar vaxtında aşkarlanmalıdır: “Əgər şagirdin islahı mümkün deyilsə, o, müvafiq islah müəssisəsində təhsilini davam etdirməlidir. Tam reabilitasiyadan sonra isə yenidən təhsil müəssisəsinə qayıda bilər”.

Ekspertin fikrincə, bu yanaşma təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki