image-kuzey-koreden-askeri-tatbikat-sonrasi-tehdit-on7xbackend

Şimali Koreya yeni raket sınağı keçirdi – Kim Çen In prosesi şəxsən izləyib

Şimali Koreya lideri Kim Çen İn ölkənin yeni hərbi gəmisindən buraxılan strateji qanadlı raketlərin sınaq buraxılışını izləyib.

Referan Media xəbər verir ki, məlumatı KCNA yayıb.

Agentliyin xəbərinə görə, raketlər “Choe Hyon” adlı esminesdən buraxılıb və sınaqlar gəminin döyüş qabiliyyətini qiymətləndirmək məqsədilə həyata keçirilib. Buraxılan raketlər müəyyən trayektoriya üzrə Sarı dəniz üzərindən uçaraq hədəflərə çatıb. Uçuş müddəti təxminən 10 116–10 138 saniyə arasında olub.

Kim Çen In sınaqların nəticələrindən məmnun qaldığını bildirərək, strateji silahların idarəetmə sisteminin etibarlılığının və gəminin inteqrasiya olunmuş döyüş sisteminin üstünlüyünün təsdiqləndiyini vurğulayıb.

Şimali Koreya lideri ölkənin real təhlükəsizlik ehtiyaclarını nəzərə alaraq hərbi donanmanın silah sistemlərinin tərkibinin yenidən nəzərdən keçirilməsini tapşırıb. Onun sözlərinə görə, 5 min və 8 min tonluq döyüş gəmilərində göyərtə artilleriyasının yerinə əlavə olaraq səsdən sürətli raketlərin yerləşdirilməsi düşmən donanmasına qarşı imkanları artıracaq.

Kim Çen In həmçinin bildirib ki, ölkənin nüvə silahlı qüvvələri artıq “çoxşaxəli istifadə mərhələsinə” keçib. Onun sözlərinə görə, Şimali Koreya son dövrlərdə strateji və taktiki zərbə silahlarının hazırlanması və tətbiqi sahəsində mühüm nailiyyətlər əldə edib. Lider bunu ölkənin özünümüdafiə qabiliyyətinin vacib elementlərindən biri kimi qiymətləndirib.

Ali baş komandan sınaqlar başa çatdıqdan sonra esminesin vaxtında hərbi dəniz qüvvələrinə təhvil verilməsini tapşırıb. O, eyni zamanda yeni bir döyüş gəmisinin tikintisinin də sürətləndirilməsi barədə göstəriş verib.

Bu addımlar Şimali Koreyanın son illərdə hərbi-dəniz qüvvələrini gücləndirmək və regiondakı təhlükəsizlik balansında mövqeyini möhkəmləndirmək istiqamətində atdığı addımların davamı kimi qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki