backend

Şirkətini satdı, əməkdaşlara 240 milyon dollar payladı

ABŞ-nin Luiziana ştatında fəaliyyət göstərən Fibrebond şirkətinin satışı əməkdaşlar üçün böyük maliyyə qazancına çevrilib. Şirkətin sahibi Qraham Uoker satışdan əldə olunan vəsaitin 15 faizinin işçilər arasında bölüşdürülməsi barədə qərar qəbul edib.

Wall Street Journalın məlumatına görə, Fibrebond şirkəti enerji idarəetməsi sahəsində fəaliyyət göstərən Eaton şirkətinə 1,7 milyard dollara satılıb. Satış müqaviləsinə əsasən, əldə olunan gəlirin 15 faizi – ümumilikdə 240 milyon dollar – şirkətin 540 tam ştatlı əməkdaşına paylanıb.

Ödənişlərin orta məbləği 443 min dollar təşkil edir. Bonuslar əməkdaşların şirkətdə ən azı beş il qalması şərti ilə mərhələli şəkildə veriləcək. Şirkətdə daha uzun müddət çalışan əməkdaşlar isə daha yüksək məbləğlər əldə edəcək.

Fibrebond şirkəti Uoker ailəsi tərəfindən Luiziananın Minden şəhərində yaradılıb və elektrik avadanlıqları üçün mühafizə qurğuları istehsal edir. Şirkət bu ilin əvvəlində Eaton tərəfindən satın alınıb.

Əldə edilən bonus vəsaitləri əməkdaşlar əsasən borcların bağlanması, avtomobil alınması, təhsil xərclərinin ödənilməsi və pensiya planlarının qurulması üçün istifadə edib. Bəzi əməkdaşlar isə ailəvi səyahətlərə çıxıb və ya öz bizneslərini qurublar.

Qraham Uoker bildirib ki, əməkdaşlara 15 faiz pay verilməsi şəxsi hesablamaya deyil, ədalət prinsipinə əsaslanıb. Onun sözlərinə görə, ailəsi satışdan 1 milyard dollardan artıq gəlir əldə etsə də, işçilərə verilən məbləğ tam haqlıdır.

Bonusların mərhələli ödənilməsi ilə yanaşı, əməkdaşların bir hissəsi yüksək vergi öhdəlikləri ilə də üzləşib. Buna baxmayaraq, işçilərin əksəriyyəti bu gözlənilməz qazancı məmnunluqla qarşılayıb.

Şirkətin sahibi Qraham Uoker 31 dekabr tarixində vəzifəsindən ayrılacağını açıqlayıb.

Fibrebond şirkəti 1982-ci ildə Qraham Uokerin atası Klod Uoker tərəfindən yaradılıb. Şirkət xüsusilə COVID-19 pandemiyası dövründə məlumat mərkəzlərinə artan tələbat fonunda sürətlə böyüyərək son beş ildə satışlarını təxminən 400 faiz artırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki