Sloveniya parlamentinin yeni sədri Zoran Stevanovic ölkənin NATO-dan çıxması ilə bağlı mümkün referendum ideyasına dəstək verə biləcəklərini açıqlayıb. O bildirib ki, partiyaları seçicilərə bu məsələ ilə bağlı referendum keçirilməsi vədini verib.
Referans Media xəbər verir ki, Sloveniya parlamentinin sədri seçilən Stevanoviç yerli mediaya açıqlamasında deyib ki, ölkəsinin beynəlxalq hərbi və diplomatik qarşıdurmalara cəlb olunmasının tərəfdarı deyil. Onun sözlərinə görə, Sloveniya bu cür müdaxilələrdən fayda görmür.
Stevanoviç bildirib: “Biz xalqa NATO-dan çıxmaq məsələsi ilə bağlı referendum keçirmək vədi vermişdik və partiya olaraq bunu dəstəkləyirik.”
Sloveniyada 22 mart tarixində keçirilən parlament seçkilərində Robert Golobun rəhbərlik etdiyi Azadlıq Hərəkatı partiyası 28,62 faiz səslə qalib gəlib. Keçmiş baş nazir Janez Jansanın lideri olduğu Sloveniya Demokrat Partiyası isə 27,95 faiz səs toplayaraq ikinci olub.
Hazırda Golob hökumət qurmaq üçün danışıqlar aparır və Stevanoviç bildirib ki, onların partiyası öz mövqelərinə uyğun baş nazir namizədini dəstəkləyə bilər.
Stevanoviç həmçinin qeyd edib ki, Sloveniya Avropa Birliyindən fayda görsə də, qərarların Brüsseldə deyil, ölkənin öz paytaxtında qəbul edilməsinin tərəfdarıdır.
O əlavə edib ki, yaxın zamanda Rusiyaya səfər etməyi planlaşdırır və Sloveniya bütün ölkələrlə yaxşı münasibətlər qurmalıdır.
Xatırladaq ki, Sloveniya həm NATO, həm də Avropa Birliyinin üzvüdür və NATO-dan çıxmaq barədə referendum keçirilməsi regionda ciddi siyasi müzakirələrə səbəb ola bilər.
