Bakıda həbsdə olan separatçı Ruben Vardanyanın gələcək taleyi ilə bağlı siyasi kulislərdə müzakirə edilən ən maraqlı ssenarilərdən biri onun Ukraynaya təhvil verilməsi ehtimalıdır. Bu məsələ sadəcə hüquqi prosedur deyil, həm də beynəlxalq münasibətlər sistemində Qərbin ikili standartlarını ifşa edə biləcək strateji bir gediş kimi qiymətləndirilir.
Vardanyanın fəaliyyəti yalnız Qarabağdakı separatizm ilə məhdudlaşmır; onun adı həm də Donbasdakı qanunsuz rejimlərin maliyyələşdirilməsində, Rusiyanın hərbi təcavüzünə dəstək verilməsində hallanır. Artıq 2022-ci ildən Ukraynanın "Myrotvorets" bazasına daxil edilən və rəsmi Kiyevin sanksiya siyahısında olan bu şəxs barəsində ortaya çıxan faktlar onun qlobal miqyaslı maliyyə cinayətlərində iştirakını təsdiqləyir. Xüsusilə OCCRP-nin araşdırmalarında "Troyka Dialoq" bankı vasitəsilə 4,6 milyard dollar vəsaitin yuyulması faktı Vardanyanın beynəlxalq cinayət şəbəkəsinin mühüm halqası olduğunu göstərir.
Əgər Azərbaycan tərəfi Vardanyanı Ukraynaya ekstradisiya etmək qərarı verərsə, bu, bu günə qədər onu "humanitar xadim" kimi qələmə verməyə çalışan Avropa parlamentariləri və Qərb mediası üçün ciddi bir sınaq olacaq. Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edən Qərb dairələrinin, eyni zamanda Ukraynanın düşmən hesab etdiyi bir şəxsi müdafiə etməsi onların siyasi nüfuzuna ağır zərbə vura bilər.
Referans Media xəbər verir ki ,məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq, professor Qabil Hüseynli qeyd edib ki, Ruben Vardanyanın Ukraynaya ekstradisiya edilməsi məsələsi həm beynəlxalq hüquq, həm də regional təhlükəsizlik arxitekturası baxımından tamamilə əsaslandırılmış və legitim bir addımdır: "Biz burada sadəcə bir şəxsin bir ölkədən digərinə verilməsindən yox, qlobal separatizm və çirkli pulların yuyulması şəbəkəsinin mühüm bir fiqurunun ifşa olunmasından danışırıq. Vardanyan illər boyu postsovet məkanındakı münaqişə ocaqlarını, xüsusilə Ukraynanın şərqindəki qeyri-qanuni rejimləri maliyyələşdirən əsas 'pulyuyan' mexanizmlərin rəhbəri olub. Onun Ukrayna tərəfindən 'Myrotvorets' siyahısına daxil edilməsi təsadüfi deyil; bu, onun Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı apardığı sistemli fəaliyyətin rəsmi təsbitidir. Azərbaycan tərəfindən belə bir addımın atılması, rəsmi Kiyevin separatizmə qarşı apardığı mübarizəyə ən böyük hüquqi dəstək olar və Vardanyanın qaranlıq fəaliyyətinin bütün detallarının — maliyyə kanallarından tutmuş gizli siyasi əlaqələrinədək hər şeyin Ukrayna xüsusi xidmət orqanları tərəfindən araşdırılmasına şərait yaradar".
Onun sözlərinə görə, bu ehtimalın reallaşması Qərb dünyasındakı bəzi 'insan hüquqları müdafiəçilərini' olduqca çıxılmaz və rüsvayçı bir vəziyyətə salacaq: "Uzun müddətdir ki, Avropanın müxtəlif paytaxtlarında və media qurumlarında Vardanyanı bir 'xeyriyyəçi' kimi sırımağa çalışan qüvvələr var. Əgər o, Ukraynaya təhvil verilərsə, həmin dairələr paradoksal bir sualla üz-üzə qalacaqlar: Siz on minlərlə ukraynalının qanına səbəb olan müharibənin maliyyə donorunu necə müdafiə edə bilərsiniz? Bu, bir tərəfdən 'Ukraynanın yanındayıq' deyib, digər tərəfdən Ukraynanın düşmənini azad etməyə çalışmaq kimi bir siyasi riyakarlıqdır. Vardanyanın ekstradisiyası Avropa siyasətindəki bu 'ikili standartlar' divarını darmadağın edə biləcək bir 'hüquqi bomba' effektinə malikdir. Ukraynanın rəsmi sanksiya siyahısında olan və Rusiyanın hərbi maşınına xidmət edən bir şəxsi müdafiə etmək istənilən Avropalı siyasətçi üçün karyerasının sonu — siyasi intihar deməkdir".
Politoloq vurğulayıb ki, 'Troyka Dialoq' vasitəsilə yuyulan 4,6 milyard dolların izi mütləq şəkildə beynəlxalq müstəvidə sona qədər təqib edilməlidir: "Vardanyanın istintaqı təkcə Azərbaycanın daxili məsələsi deyil, bu, beynəlxalq cinayətkar şəbəkələrə qarşı qlobal mübarizənin tərkib hissəsidir. Onun Ukrayna ədalətinə təslim edilməsi, separatizmi maliyyələşdirən bütün oliqarxlara verilən ən sərt mesaj olacaq: Cinayət hər yerdə cinayətdir və ədalət mühakiməsindən heç bir 'xeyriyyəçilik' maskası ilə qaçmaq mümkün deyil".
