Güzəştli şərtlər ilə Qarabağda da ev almaq mümkün olacaq. Bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib. Həmçini deputat qeyd edib ki, Azərbaycan Prezidentinin imzaladığı Fərman ilə “İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilib. Sənədlə ipoteka kreditinin verilməsinə dair yeni tələblər müəyyənləşib. Bununla da, Qarabağ və Şərqi Zəngəzurda güzəştli şərtlər ilə mənzilə sahib olmaq mümkün olacaq. Belə ki, yeni dəyişikliklərə əsasən güzəştli ipoteka kreditinin məbləği kreditin verildiyi tarixə işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin qiymətinin 90 faizindən çox ola bilməz.
Digər dəyişiklik işğaldan azad olun ərazilərdə ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ borcalanın məcmu gəliri ilə bağlıdır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə yaşayış sahəsinin alınması məqsədilə verilən kredit məbləği borcalanın aylıq məcmu gəlirinin 75 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az olduğu hallara şamil edilmir.
Beləliklə bu imkanlardan kimlər yararlana biləcək? Qarabağda mənzil almaq nə zamandan mümkün olacaq?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Referans-a açıqlama verib. Əmlak məsələləri üzrə ekspertin qənaətinə görə, əslində burada qeyri-adi bir nüans və ya məqam yoxdur. Sadəcə olaraq Qarabağda güzəştli şərtlərlə mənzil alınması prosesində ilkin ödəniş 10% olacaq.
Ekspertin mühahizəsinə görə, bu isə o deməkdir ki, Qarabağ iqtisadi zonasında yaşamaq, köçmək, işləmək istəyənlər üçün şərait yaradılıb. Ümumilikdə isə bu ərazilərdə kimin valideynləri yaşayırsa onlar faydalana bilərlər. Eyni zamanda isə özü Bakı şəhərində doğulubsa və ora aid deyilsə, hüquqi baxımdan əmlak sahəsi düşmürsə amma onun valideynləri, qohumları, ailə üzvləri yaşayırsa o da orada yaşamaq marağındadırsa onlar üçün şamil olunur. Bu proses isə tamamilə normal bir prosesdir.
“Qarabağ iqtisadi zonasında hələ bir o qədər həcmdə əmlak inşa olunmayıbdır, satışa çıxarılmayıb. Bu gələcək perspektiv üçündür əslində”, – deyə ekspert qeyd edib.
Şahverdiyeva Elena
Referans