Sosial şəbəkələrdə yayılan görüntü qalmaqala səbəb oldu: qadınların yanında açıq-saçıq video izlədi

Honq-Konq şəhərində ictimai nəqliyyatda baş verən hadisə sosial şəbəkələrdə böyük rezonans doğurub. Bir kişinin qadın sərnişinlərin yanında mobil telefondan uyğun olmayan məzmunlu videolar izləməsi əks olunan görüntülər qısa müddətdə milyonlarla baxış toplayıb.

Referans Media xəbər verir ki, görüntülər gənc sərnişin tərəfindən qeydə alınıb. Kadrlarda şəxsin avtobusda telefonunda açıq şəkildə uyğun olmayan videolara baxdığı görünür. Sosial mediada yayılan paylaşım bir gün ərzində 1 milyondan çox izlənib.

Hadisədən sonra bir çox qadın həmin şəxsi daha əvvəl də müxtəlif marşrutlarda gördüklərini bildirib. Onların sözlərinə görə, həmin şəxs xüsusilə gənc qadınların yanında əyləşməyə çalışır və bu davranışı tez-tez təkrarlayır.

Bəzi sərnişinlər onun insanlara diqqətlə baxdığını və narahatlıq yaratdığını qeyd ediblər. Xüsusilə işə gediş-gəliş saatlarında həmin şəxslə tez-tez qarşılaşdıqlarını deyən qadınlar vəziyyətdən ciddi şəkildə narahat olduqlarını bildiriblər.

Hadisənin geniş yayılmasından sonra özünü həmin şəxsin qohumu kimi təqdim edən biri ictimaiyyət qarşısında üzrxahlıq edib. Açıqlamada bildirilib ki, həmin şəxs sosial ünsiyyət problemləri yaşayır və ona peşəkar dəstək göstərilməsi üçün addımlar atılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki