Sosial şəbəkələrdə YENİ ERANIN BAŞLANĞICI: Qeydiyyat üçün bank kartı və mobil nömrə icbari olur

Sosial şəbəkələrdə yaş məhdudiyyətinin bank kartı və mobil nömrə vasitəsilə yoxlanılması ilə bağlı təkliflər müzakirələrə səbəb olub. Mütəxəssislər hesab edirlər ki, bu mexanizm uşaqların qorunması məqsədi daşısa da, şəxsi məlumatların təhlükəsizliyi baxımından yeni risklər yarada bilər.

Mövzu ilə bağlı Referans Media-ya danışan İT ekspert Elvin Abbasov bildirib ki, məsələ qanunun hüquqi məqsədi ilə real rəqəmsal arxitektura arasındakı ən mühüm ziddiyyətlərdən birini ortaya qoyur.

Onun sözlərinə görə, yaşın bank kartı və mobil nömrə ilə yoxlanılması uşaqları tam qorumaq iqtidarında olmadığı kimi, şəxsi məlumatların təhlükəsizliyi baxımından da ciddi kibergigiyena riskləri yaradır:

"Bu mexanizm reallıqda mütləq filtr rolunu oynaya bilməz. Uşaqlar valideynlərinin mobil nömrələrini və ya bank kartı məlumatlarını daxil edərək yaş limitini asanlıqla manipulyasiya edə bilərlər. Digər tərəfdən, vətəndaşların ən həssas maliyyə və şəxsiyyət məlumatlarının sosial media platformaları tərəfindən icbari şəkildə toplanması həmin məlumatların sızması və ya kiberdələduzların əlinə keçməsi ilə bağlı narahatlıqları artırır."

Ekspert hesab edir ki, problemin həlli üçün sadəcə qeydiyyat formalarına etibar etmək kifayət deyil:

"Formal daxili qeydiyyat formalarına güvənmək əvəzinə, rəqəmsal ekosistemdə fərdi məlumatları qoruyan daha rasional texnoloji arxitektura qurulmalıdır."

E.Abbasovun fikrincə, daha effektiv həll yolu sosial şəbəkələrin qlobal mobil ekosistemlərin daxili təhlükəsizlik sistemləri ilə inteqrasiyasıdır:

"Ən effektiv həll yolu sosial şəbəkələrin Apple və Google platformalarının daxili təhlükəsizlik qatları ilə sinxronlaşdırılmasıdır. Smartfonların ilkin quraşdırılması zamanı valideyn tərəfindən idarə olunan xüsusi Uşaq Hesabı (Child Account) statusu cihaz səviyyəsində istifadəçinin real yaşını qeyd edir və yeni tətbiq yüklənərkən bu məlumat avtomatik şəkildə yoxlanılır."

Ekspert vurğulayıb ki, belə bir sistem həm bank kartı və şəxsiyyət məlumatlarının üçüncü tərəflərə ötürülməsinin qarşısını alar, həm də yaş məhdudiyyətlərinin tətbiqini daha səmərəli və təhlükəsiz şəkildə təmin edər.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki