Son günlər müşahidə olunan qeyri-sabit, soyuq və yağıntılı hava şəraiti kənd təsərrüfatına mümkün təsirləri ilə bağlı narahatlıqları artırıb. Mövsümə uyğun olmayan temperatur və intensiv yağıntıların məhsuldarlığa və bazar qiymətlərinə necə təsir edəcəyi isə əsas müzakirə mövzusuna çevrilib.
Mövzu ilə bağlı Referans Media-ya danışan iqtisadçı Asif İbrahimov bildirib ki, müşahidə olunan mövsümə uyğun olmayan dərəcədə soyuq, yağışlı və bəzi ərazilərdə qarlı hava şəraiti kənd təsərrüfatı sektorunda müəyyən risklər formalaşdırır. Onun sözlərinə görə, xüsusilə yaz mövsümündə bitkilərin aktiv çiçəkləmə mərhələsində olması bu təsirləri daha həssas edir.
İqtisadçı qeyd edib ki, aşağı temperatur və yağıntıların artması bir tərəfdən bitkilərin inkişaf tempini ləngidir, digər tərəfdən isə erkən çiçəkləyən meyvə ağaclarında məhsuldarlığın azalması riskini yüksəldir. Şaxta və qar hadisələrinin isə xüsusilə ərik, şaftalı kimi meyvə ağacları, eləcə də açıq sahədə becərilən tərəvəzlər üçün ciddi zərər yarada biləcəyi vurğulanıb.
Bildirilib ki, intensiv yağıntılar torpağın həddindən artıq nəmlənməsinə səbəb olur. Bu isə kənd təsərrüfatı texnikasının sahələrə çıxışını çətinləşdirir, gübrələmə və aqrotexniki tədbirlərin vaxtında aparılmasına mane yaradır. Nəticədə əkin və becərmə qrafikində gecikmələr yaranır.
Asif İbrahimov əlavə edib ki, mövcud şərait məhsul itkisi və məhsulun bazara çıxışında gecikmə ehtimalını artırır. Bu isə yaxın aylarda meyvə və tərəvəz bazarında təklifin azalmasına və qiymətlərdə müəyyən artımın müşahidə olunmasına səbəb ola bilər.
Onun fikrincə, hava şəraitinin qeyri-sabitliyi qısa müddətli olarsa, təsirlər məhdud qalacaq. Lakin bu proses davamlı xarakter alarsa, kənd təsərrüfatında məhsuldarlığın azalması və bazarda qiymət artımı riski daha da güclənəcək.
Gülnaz Abdullazadə.























