Bu gündən etibarən Dövlət Gömrük Komitəsinin “Smart Customs” platformasında elektron ticarət bəyannamələrinin təqdim olunması qaydasında dəyişiklik qüvvəyə minib. Yeni qaydaya əsasən, artıq vətəndaşlar FİN və şifrə ilə deyil, yalnız “Asan İmza”, “SİMA” və ya “MYGOV/QR” vasitəsilə elektron ticarət bəyannaməsi təqdim edə biləcəklər.
Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, elektron ticarət bəyannamələrinin yalnız “Asan İmza”, “SİMA” və ya “MYGOV/QR” vasitəsilə təqdim olunması ilk növbədə identifikasiya və təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlmiş addım kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, bu üsullar istifadəçinin şəxsiyyətinin daha etibarlı təsdiqlənməsinə imkan verdiyi üçün üçüncü şəxslərin məlumatlardan qanunsuz istifadəsi riskini azaldır.
İqtisadçı qeyd edib ki, yeni qayda xaricdən məhsul sifariş edən vətəndaşlar üçün ilkin mərhələdə müəyyən uyğunlaşma çətinlikləri yarada bilər. Xüsusilə bu xidmətlərdən istifadə etməyən şəxslər əlavə qeydiyyat prosedurlarından keçməli olacaqlar. Lakin sistemə uyğunlaşdıqdan sonra prosesin daha rahat və təhlükəsiz həyata keçirilməsi mümkün olacaq.
A.Nəsirli vurğulayıb ki, elektron ticarət sektoru baxımından da vahid və daha müasir autentifikasiya mexanizmlərinin tətbiqi məlumatların düzgünlüyünü artırır, saxta bəyannamələrin qarşısının alınmasına kömək edir və rəqəmsal xidmətlərin inkişafını stimullaşdırır. Bu da uzunmüddətli perspektivdə gömrük əməliyyatlarının daha şəffaf və səmərəli təşkilinə şərait yarada bilər.
Gömrük prosedurlarının sürətlənməsinə gəldikdə isə, iqtisadçı hesab edir ki, məlumatların daha dəqiq və etibarlı təqdim olunması yoxlama proseslərini sadələşdirə bilər. Bununla belə, sistemin sürəti texniki infrastrukturun dayanıqlılığından və istifadəçilərin yeni qaydalara nə dərəcədə tez uyğunlaşacağından da asılı olacaq.
“Ümumilikdə, dəyişiklik qısamüddətli adaptasiya dövründən sonra həm təhlükəsizliyin artırılmasına, həm də rəqəmsal gömrük xidmətlərinin təkmilləşdirilməsinə müsbət təsir göstərə bilər”, – deyə A.Nəsirli əlavə edib.
Gülnaz Abdullazadə
