Qeyd edək ki, Naxçıvanın təhsil naziri əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində işləyib. Orada işləyərkən də şagird, valideyn, hətta müəllimlərin müraciətlərinə dözümsüz olub. Tabeliyindəkiləri sıxışdırıb, hədələyib. Neçə savadlı kadrı məcburən işindən uzaqlaşdırıb. Vəzifələri satıb, imtahandan kənar direktorlar təyin edib. Bu adam elə bil əhalinin kütləvi savadsızlaşdırılması missiyasını həyata keçirtmək üçün təhsil sferasına gətirilib. Şikayətçi deyir ki, Naxçıvanda təhsilin gerçək vəziyyəti ilə ciddi maraqlanan olsa, işlərin mənfiyə getdiyinə şahid olar. Məktəblərdə şagird tapılmır. Çünki tədrisin səviyyəsi aşağı düşüb. Məktəbə həvəs yaratmaqdansa, oxuyub bilik almağın mənasızlığı aşılanır. Səsini çıxardanı təhqir edib hədələyir. Cənub zonasındakı bərbad idarəçiliyini burada davam etdirir. Görünüb ki, bir adamın vəzifəsini yüksəldəndə onun işində nəsə müsbət cəhət görürlər. Elxan Nəcəfovu görəsən hansı əməlinə görə muxtariyyətə nazir qoyublar. Onun Regional Təhsil İdarəsindəki sərgüzəştləri, korrupsiyalaşmış imicindən Naxçıvan nə fayda görəcək. Bu adam regionda etdiklərinin beş qatını Naxçıvanda edir. Özbaşınalığı üçün daha geniş imkan yaranıb. Elxan Nəcəfovun idarəçiliyi avadsızlığa yol açır. Sədaqət kimi yüzlərlə şagirdin məktəbə yolu kəsilir, oxumağa həvəs yaratmaqdansa, pisikdirilirlər. Müəllimlər də öz fikirlərini deyə bilmirlər. Təhsili təhdidlə idarə etmək olmaz. Bu insan təhsilimizin böyük bir qurumuna rəhbərlik edir. Amma təəssüf ki insani keyfiyyətdən məhrumdur. Bilik üçün ağız açanı polislə hədələyib qovana başqa ad vermək olmur.
Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hər kəsin təhsil almaq haqqı var. Bunun üçün yaş məhdudiyyəti nəzərdə tutulmayıb. Bu məsələni təhsil ekspertləri, hüquqşünaslarla da müzakirə edib rəylərini alacağıq. Eyni zamanda hörmətli elm və təhsil naziri Emin Əmrullayevin bu məsələyə münasibətini bilmək istərdik. Yaxşı olardı ki, konkret bu məsələ ilə bağlı müvafiq komissiya yaradılsın və hərtərəfli, obyektiv araşdırma aparılsın. Ortada bir yeniyetmənin taleyi var. Vətəndaşa yuxarıdan aşağı baxan məmura görə kasıb bir ailənin övladı məktəbdən, təhsildən kənarda qalıb.
