Təhsilini müxtəlif səbəblərə görə donduran tələbələrin bərpa qaydaları ilə bağlı suallar aktuallığını qoruyur.
Referans Media-ya açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, tələbələrin bərpa hüququ mövcud qanunvericiliklə tənzimlənir və müəyyən müddət ərzində bu hüquqdan istifadə etmək mümkündür.
Ekspertin sözlərinə görə, təhsilini donduran və ya yarımçıq qoyan tələbə bərpa üçün müvafiq qaydada müraciət edə bilər.
“Müraciətdən sonra, əgər tələbənin əvvəl oxuduğu ixtisas mövcuddursa, o, həmin ixtisas üzrə təhsilini qaldığı yerdən davam etdirir. Bu halda müvafiq təhsil haqqının ödənilməsi də tələb olunur”, – deyə o bildirib.
Elçin Əfəndi qeyd edib ki, əgər əvvəlki ixtisas artıq mövcud deyilsə, tələbəyə həmin sahəyə yaxın və ya alternativ ixtisaslar təklif oluna bilər.
Onun sözlərinə görə, ixtisas mövcud olduğu halda tələbənin başqa ixtisasa yönləndirilməsi düzgün yanaşma sayılmır.
“Yalnız o halda fərqli ixtisas təklif oluna bilər ki, həmin ixtisas artıq bağlanmış olsun, qəbul aparılmasın və ya proqram tamamilə dayandırılmış olsun”, – deyə ekspert vurğulayıb.
Ekspert əlavə edib ki, tələbə əvvəlki təhsil dövründə yaranmış akademik borclarını və fənn fərqlərini ödədikdən sonra təhsilini qaldığı kursdan davam etdirə bilər.
Gülnaz Abdullazadə
