Tramp elan etdi! İki ölkə 34 ildən sonra görüşəcək

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail və Livan liderləri 34 ildən sonra ilk dəfə bir araya gələcəklər. Onun sözlərinə görə, görüşün sabah baş tutacağı planlaşdırılır.

Referans Media xəbər verir ki,  Tramp sosial media hesabında paylaşdığı açıqlamada iki ölkə arasında gərginliyin azaldılması üçün diplomatik səylərin davam etdiyini qeyd edib.

ABŞ prezidentinin sözlərinə görə, tərəflər arasında uzun illərdir belə bir görüş baş tutmayıb.

“İsrail və Livan arasında bir qədər nəfəs alma imkanı yaratmağa çalışırıq. İki liderin görüşməsindən təxminən 34 il keçir. Sabah görüşəcəklər. Möhtəşəm!” – deyə Tramp paylaşımında bildirib.

ABŞ-ın vasitəçiliyi ilə danışıqlar

ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs və danışıqlar prosesi aprelin 14-də başlayıb. Vaşinqtonda keçirilən görüş iki ölkə arasında uzun illərdən sonra ilk birbaşa diplomatik təmas kimi qiymətləndirilib.

İsrailin Livana hücumları

İsrail ordusu martın 2-də Livan ərazisindən raket atıldığını açıqladıqdan sonra ölkənin müxtəlif bölgələrinə genişmiqyaslı hücumlar həyata keçirib. Hücumlar zamanı paytaxt Beyrut də daxil olmaqla bir çox ərazi hədəfə alınıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, martın 2-dən bəri İsrailin hücumları nəticəsində 2 min 89 nəfər həyatını itirib.

Eyni zamanda Livan hökuməti hücumlar səbəbindən 1 milyon 162 mindən çox insanın öz evlərini tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki