Tramp hücum görüntülərini paylaşdı – İsfahanda strateji obyektlər vuruldu – VİDEO

Donald Tramp İranın İsfahan şəhərində baş verən güclü partlayışların görüntülərini yayımlayıb. ABŞ və İsrail ilə İran arasında davam edən müharibə 32-ci gününə daxil olduğu vaxt baş verən hadisə regionda gərginliyi daha da artırıb.

Referans Media xəbər verir ki, paylaşılan videoda şəhərdəki strateji obyektlərin hədəf alındığı, güclü partlayışlardan sonra isə güclü tüstünün göyə yüksəldiyi görünür. Görüntülər hücumların miqyasının böyük olduğunu göstərir.

Bir neçə şəhərdə partlayış səsləri eşidildi

Məlumatlara görə, partlayışlar yalnız İsfahan ilə məhdudlaşmayıb. Paytaxt Tehran və Zəncan şəhərlərində də ard-arda partlayış səsləri eşidilib. Bildirilir ki, Tehranın həm şərq, həm də qərb istiqamətlərində güclü partlayışlar qeydə alınıb.

Elektrik kəsintiləri baş verdi

İranın rəsmi xəbər agentliyi partlayışların baş verdiyi bəzi ərazilərdə elektrik enerjisinin kəsildiyini açıqlayıb. Eyni vəziyyətin Zəncan şəhərində də müşahidə olunduğu bildirilir.

Məscid yaxınlığında partlayış

Məlumata görə, Zəncanın cənub hissəsində yerləşən Əzəm Hüseyniyyə Məscidi yaxınlığında da partlayış qeydə alınıb. Yerli hakimiyyət orqanları mümkün qaz sızması ehtimalını nəzərə alaraq sakinləri əraziyə yaxınlaşmamağa çağırıb.

Regionda gərginlik artır

Ekspertlər hesab edir ki, ard-arda baş verən bu partlayışlar regionda hərbi gərginliyin daha da artdığını göstərir və qarşıdakı günlərdə hücumların miqyasının genişlənməsi ehtimalı istisna edilmir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevral tarixində İran ərazisinə hərbi hücumlara başlayıb. İran isə cavab olaraq ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn ərazilərində müəyyən hədəflərə zərbələr endirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki