ABŞ Prezidenti Donald Trampın paylaşdığı fotodan sonra Venesuela Prezidenti Nikolas Maduronun üzərindəki idman geyimi sosial şəbəkələrdə gündəmə çevrilib. ABŞ-ın Venesuelada həyata keçirdiyi əməliyyatdan sonra mediaya ötürülən kadrlarda Maduronun geyindiyi idman dəsti qısa zamanda viral olub. Geyimin populyarlaşması ilə əlaqədar həmin brendə məxsus məhsulların anbar ehtiyatlarının sürətlə tükəndiyi bildirilir.
Dünya bu görüntünü müzakirə edir
Referans Media xəbər veir ki, sözügedən foto ABŞ-ın Karakasda keçirdiyi əməliyyatdan sonra çəkilib. Kadrlarda Venesuela Prezidenti Nikolas Maduro gözləri və qulaqları örtülü vəziyyətdə, üzərində idman dəsti ilə görünür. Bu görüntü sosial mediada geniş yayılıb və satışlarda rekord artım qeydə alınıb.
İstifadəçilər Maduronun boz rəngli idman geyiminin markasını və modelini araşdırmağa başlayıblar. Məlum olub ki, geyim tanınmış idman brendlərindən birinə məxsusdur. Məhsul internet üzərindən sürətlə satılıb və bir çox ölçülər üzrə stoklar tükənib.
Tələbat yalnız boz idman dəsti ilə məhdudlaşmayıb. Maduronun müxtəlif vaxtlarda üzərində göründüyü mavi rəngli idman geyimləri də istifadəçilərin diqqətini çəkib və müzakirə olunmağa başlayıb.
Geyim şirkətinin sahibi Piter Roberts bildirib ki, fotonun yayılmasından və loqonun tanınmasından sonra şirkətə daxil olan zənglər “demək olar ki, sistemi kilidləyib”. Şirkət özünün “Instagram” hesabında Maduronun fotosunu paylaşaraq, “Amerikaya xoş gəlmisiniz. Təəssüf ki, ‘Patriot Blue’ kapüşonlu geyimimiz yaza qədər tükənib, lakin öncədən sifariş mümkündür!” qeydi əlavə edib.
Mütəxəssislərin fikrincə, bu cür viral görüntülər brendlərə milyardlarla dollarlıq reklam kampaniyalarının belə yarada bilməyəcəyi qlobal tanınırlıq qazandırır. Belə məhsullar adi geyim olmaqdan çıxaraq tarixi bir anın simvoluna çevrilir.
