Tramp saziş tarixini verdi, İran "yekun qərar yoxdur" dedi: Hörmüz boğazı açılır?

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişinin yaxın günlərdə imzalana biləcəyini və bunun ardınca Hörmüz boğazının tam şəkildə açılacağını bəyan etsə də, İran tərəfi razılaşmanın hələ yekunlaşmadığını açıqlayıb.

Referans Media xəbər verir ki, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bildirib ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda mühüm irəliləyiş əldə olunub və sazişin yaxın günlərdə Avropada keçiriləcək mərasimlə imzalanması gözlənilir.

ABŞ lideri qeyd edib ki, əldə olunan razılaşma İranın nüvə silahına sahib olmamasını təmin edəcək. Onun sözlərinə görə, sənədlər demək olar ki, son mərhələyə çatıb və sazişin imzalanmasından sonra enerji bazarlarında da müsbət dəyişikliklər müşahidə olunacaq.

Tramp həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla region ölkələrinin liderləri ilə əlaqə saxladığını bildirib və onların prosesə dəstəyini yüksək qiymətləndirib.

ABŞ Prezidenti saziş imzalanan kimi Hörmüz boğazının tam fəaliyyətə başlayacağını və bunun qlobal neft bazarına müsbət təsir göstərəcəyini vurğulayıb.

Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bekayi Trampın açıqlamalarından sonra fərqli mövqe ortaya qoyub. O bildirib ki, İran hələ mümkün razılaşma ilə bağlı yekun qərar verməyib və danışıqlarda ölkənin "qırmızı xətləri" qorunacaq.

Bekayi sazişin imzalanacağı tarix və məkanla bağlı yayılan məlumatları spekulyativ adlandırıb. Bununla yanaşı, o, danışıqlar mətninin böyük hissəsinin hazır olduğunu təsdiqləyib, lakin ABŞ-ın proses ərzində mövqeyini dəfələrlə dəyişdiyini vurğulayıb.

İran rəsmisi eyni zamanda ABŞ-ı Oman körfəzində Palau bayrağı altında üzən "M/T Settebello" tankerinə hücumda ittiham edərək hadisəni "dövlət quldurluğu" kimi qiymətləndirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki