Trampın qadağa siyahısı yayıldı – 1 yanvardan etibarən tətbiq olunacaq

ABŞ-də Tramp administrasiyası hazırda 37 ölkəyə tətbiq olunan “səyahət qadağası”nın genişləndirilməsi barədə qərar qəbul edib. ABŞ hökuməti qadağa siyahısına 5 yeni ölkə də əlavə edib.

Referans Media xəbər verir ki, Ağ Ev tərəfindən yayılan yazılı açıqlamaya görə, Donald Tramp administrasiyası səyahət məhdudiyyətlərini genişləndirən yeni addım atıb. Hazırda “yüksək riskli” ölkələr siyahısında yer alan Əfqanıstan, Myanma (Burma), Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarına qarşı tam səyahət qadağası qüvvədə qalacaq.

Daha 5 ölkə siyahıya salındı

Bu ölkələrə əlavə olaraq Suriya, Burkina-Faso, Mali, Niger və Cənubi Sudan da səyahət qadağası tətbiq olunan ölkələr siyahısına daxil edilib. Eyni zamanda Fələstin Administrasiyası tərəfindən verilmiş səyahət sənədlərinə malik şəxslərə də ABŞ-yə girişlə bağlı tam məhdudiyyət tətbiq olunub. Daha əvvəl qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone də artıq tam səyahət qadağası tətbiq edilən ölkələr sırasına daxil edilib.

“Yüksək riskli” kateqoriyaya daxil olan Burundi, Kuba, Toqo və Venesuela vətəndaşlarına qarşı tətbiq edilən qismən məhdudiyyətlər isə qüvvədə qalır. ABŞ administrasiyası Suriyanın ciddi təhlükəsizlik riskləri daşıdığını əsas gətirərək bu ölkəyə qarşı səyahət qadağasının davam etdirildiyini bildirib. Fələstində isə ABŞ tərəfindən “terror təşkilatı” kimi tanınan bəzi qrupların hələ də aktiv fəaliyyət göstərdiyi vurğulanıb.

Qərar 1 yanvar 2026-cı ildən qüvvəyə minəcək

Qeyd olunan səyahət məhdudiyyətləri 1 yanvar 2026-cı il tarixindən etibarən tətbiq olunacaq. ABŞ hökuməti daha əvvəl, 26 noyabrda iki Milli Qvardiya üzvünün güllələnməsi hadisəsindən sonra, 3 dekabr tarixində “yüksək riskli ölkələr” siyahısında yer alan 19 ölkə vətəndaşı tərəfindən edilən bütün sığınacaq müraciətlərini və immiqrasiya yardım tələblərini dayandırmışdı.

ABŞ-nin Kolumbiya Dairəsi üzrə prokuroru Cinayn Pirro, şübhəlinin 29 yaşlı Əfqanıstan vətəndaşı Rahmanullah Lakanval olduğunu, güllələnən Milli Qvardiya üzvlərinin isə 20 yaşlı Sara Bekstrom və 24 yaşlı Endryu Vulf olduğunu açıqlamışdı. Digər tərəfdən, ötən həftə Suriyada bir İŞİD silahlısı ABŞ hərbçilərinə qarşı hücum həyata keçirib. Hücum nəticəsində 2-si ABŞ əsgəri olmaqla, ümumilikdə 3 nəfər həlak olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki