Türkiyə Statistika Qurumunun (TÜİK) 2025-ci il üzrə “Həyat Məmnuniyyəti Araşdırması”nın nəticələrinə görə, Türkiyədə özünü xoşbəxt hesab edənlərin nisbəti 2024-cü ildəki 49,6 faizdən 53,3 faizə yüksəlib. Bədbəxt olduğunu bildirənlərin payı isə 14,5 faizdən 13 faizə enib.
Referans Media xəbər verir ki, araşdırmaya əsasən, evli şəxslər subaylara nisbətən daha xoşbəxtdir (müvafiq olaraq 56,9% və 46,6%). Xoşbəxtlik səviyyəsi bütün yaş qruplarında artıb.
İştirakçıların 69 faizi ən böyük xoşbəxtlik mənbəyi kimi ailəni göstərib. Dəyərlər arasında isə ilk yerdə sağlamlıq qərarlaşıb (64,9%).
Gələcəyinə ümidlə baxanların nisbəti 67,1 faiz olub. Dövlət xidmətləri üzrə ən yüksək məmnunluq asayiş xidmətlərində (74,1%) qeydə alınıb.
Ölkənin ən vacib problemi kimi isə həyat bahalılığı (31,3%), yoxsulluq (16,5%) və təhsil (16,1%) göstərilib.






















