Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan TBMM-də keçirilən "AK" Parti qrup toplantısında çıxış edərək “Terrorsuz Türkiyə” prosesi ilə bağlı mühüm mesajlar verib.
Referans Media xəbər verir ki, Dövlət başçısı bildirib ki, ölkədə terror probleminin tam aradan qaldırılması üçün işlər sürətlə davam etdirilir və bu proses dövlətin əsas strateji hədəflərindən biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, müvafiq dövlət qurumları terror təşkilatının tam ləğv edilməsi üçün müxtəlif modellər üzərində intensiv şəkildə çalışır.
Ərdoğan çıxışında qeyd edib ki, “Terrorsuz Türkiyə” layihəsi yalnız təhlükəsizlik deyil, eyni zamanda iqtisadi və sosial baxımdan da böyük əhəmiyyət daşıyır. O, terrorun ölkəyə ümumi iqtisadi zərərinin 2 trilyon dolları keçdiyini vurğulayıb.
Prezident həmçinin prosesin milli həmrəylik və ortaq ağıl əsasında aparıldığını bildirib və məqsədin bu problemi Türkiyə gündəmindən birdəfəlik çıxarmaq olduğunu deyib. “Əlimizdə kifayət qədər iradə, təcrübə və güc var. Bu yolu millətimizlə birlikdə gedirik”, – deyə o əlavə edib.
Ərdoğan çıxışında gənclərə də geniş yer ayıraraq, onların ölkənin gələcəyində əsas rol oynayacağını bildirib və “Böyük və güclü Türkiyə” hədəfinin məhz gənc nəsil tərəfindən həyata keçiriləcəyini qeyd edib.
Toplantıda həmçinin hökumətin 23 illik fəaliyyəti, həyata keçirilən layihələr və gələcək planlar barədə də geniş məlumat verilib.
