Azərbaycanda un bazarında qiymət artımı müşahidə olunur. Məlumata görə, hazırda 50 kiloqramlıq un kisələrinin topdansatış qiymətləri istehsalçı və müəssisədən asılı olaraq fərqlənir. Bəzi müəssisələrdə qiymətlər əvvəlki aylarla müqayisədə artaraq daha yüksək həddə çatıb. Bu isə bazarda fəaliyyət göstərən çörək sexləri, şirniyyat istehsalçıları və digər sahibkarlar üçün xərclərin yüksəlməsi deməkdir. Ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26,1-28,6 manat arasında dəyişir.
Referans Media xəbər verir ki ,İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, taxıl ölkədə mövcuddur və un bazarda sərbəst şəkildə əldə olunur:
“Buna görə də taxıl böhranından danışmaq düzgün deyil. Yəni ölkədə taxılın olmaması kimi problem yoxdur. Qiymətlərə gəldikdə isə qeyd olunan qiymət aralığı uzun müddətdir formalaşmış bazar qiymətləridir. Məsələn, 50 qəpik və ya 1 manat kimi qiymətlər bazarda müəyyən qədər qalxıb-enə bilər. Lakin kəskin bahalaşmadan söhbət getmir. Həmçinin dünya bazarında da taxıl qiymətlərində ciddi artım müşahidə olunmur və qiymətlər ümumilikdə stabildir. Çörəyin qiymətinə təsir edən amillər yalnız un xərcləri ilə məhdudlaşmır. Çörək zavodlarının daşıma, işçi qüvvəsi, enerji və digər müxtəlif xərcləri də mövcuddur. Əgər bu xərclər artırsa, zavodlar qiyməti qaldıra bilər. Bu artımlar isə müharibə ilə bağlı deyil. Məsələn, Tarif Şurasının benzinin və dizel yanacağının qiymətini artırması daşıma xərclərini yüksəldir və nəticədə məhsulun qiymətinə təsir edir”.
O qeyd edib ki, işçilərin maaşlarının artması da zavodların ümumi xərclərini artırır:
“Bundan başqa, müharibənin taxıl məsələsinə birbaşa təsiri yoxdur. Çünki Azərbaycanın taxıl bazarı əsasən başqa mənbələrdən təmin olunur. Ölkə taxılı əsasən Qazaxıstan və Rusiyadan idxal edir və bu proses İranla bağlı deyil. Qiymətlər müəyyən məhsul növləri üzrə son bir-iki ayda müəyyən qədər artıb. Bunun əsas səbəbi zavodların xərclərinin yüksəlməsi və xüsusilə də unun və çörəyin daşınması ilə bağlı xərclərin artmasıdır. Daşıma xərclərinin artmasının səbəbi isə əsasən benzin və dizel yanacağının bahalaşmasıdır”.























