Muhoozi Kainerugaba yenidən Türkiyə ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Referans Media xəbər verir ki, eyni zamanda Uqanda Prezidenti Yoveri Musevenin oğlu olan Uqandanın Baş Qərargah rəisi bu dəfə ölkədə həyata keçirilən böyük dəmir yolu layihəsində iştirak edən türk şirkətini hədəfə alıb.
General sosial media hesabında atasına müraciət edərək bildirib ki, “Standart Qauge” Dəmir Yolu (SGR) layihəsini həyata keçirən türk şirkəti ilə müqavilənin ləğv edilməsi üçün addım atacaq. Onun sözlərinə görə, layihəni daha ucuz və daha keyfiyyətli həyata keçirə biləcək Çin şirkətləri mövcuddur.
Kainerugaba paylaşımında belə yazıb: “Prezidentlə danışacağam və “SGR” layihəsi üçün türk şirkəti ilə müqaviləni ləğv edəcəyik. Daha az pula daha yaxşı iş görəcək bir çox çinli şirkət var.”
General Kainerugaba daha əvvəl də Türkiyə ilə bağlı qeyri-adi və mübahisəli açıqlamaları ilə diqqət çəkmişdi. O, bir müddət əvvəl Türkiyədən 1 milyard dollar təzminat tələb etmiş, hətta sosial mediada “Türkiyənin ən gözəl qadını ilə evlənmək istədiyini” yazaraq böyük müzakirələrə səbəb olmuşdu. Sonradan gələn reaksiyalardan sonra həmin paylaşımların bəzisini silmişdi.
Kainerugabanın bu açıqlamaları verərkən Uqanda Xarici İşlər Naziri Abubaker Jeje Odongo Antalya Diplomatiya Forumu çərçivəsində Türkiyədə rəsmi görüşlər keçirməsi diqqət çəkib.
Müşahidəçilərə görə, Uqanda xarici işlər nazirinin iki ölkə arasında münasibətləri gücləndirmək istiqamətində apardığı diplomatik səylər generalın sosial media açıqlamaları fonunda kölgədə qala bilər.
Qeyd edək ki, Muhoozi Kainerugaba daha əvvəl də müxtəlif ölkələr və regional siyasətlə bağlı sərt və gözlənilməz açıqlamaları ilə gündəmə gəlib. Bu səbəbdən onun bəyanatları tez-tez beynəlxalq mediada müzakirələrə səbəb olur.























