Uşaqlar arasında telefon asılılığı getdikcə artır. Ümumi mənzərəyə nəzər saldıqda aydın olur ki, bu məsələ valideynlər tərəfindən yetərincə ciddi nəzarət altında saxlanılmır.
Bəziləri övladlarının sakit qalması və ya ağlamaması üçün bu addımı atır. Nəticədə uşaqlar sosial mediada yaşlarına uyğun olmayan videolarla qarşılaşır və bu da onlarda müxtəlif psixoloji problemlərin yaranmasına səbəb ola bilər.
Maraqlıdır ki, uşaqlarda artan telefon və internet asılılığı onların psixoloji inkişafına necə təsir edir və valideynlər bunu necə idarə etməlidir?
Referans.az xəbər verir ki , bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Nizami Orucov bildirib ki, uşaqlarda telefon və internetdən həddindən artıq istifadə getdikcə artan bir problemdir və bu onların psixoloji inkişafına ciddi təsir göstərir.
Onun sözlərinə görə, uzun müddət ekran qarşısında qalmaq uşaqların diqqətini zəiflədir, sosial bacarıqlarını azaldır və real ünsiyyətə marağı aşağı salır:
“Həmçinin, aqressiya, səbirsizlik, asılılıq davranışları və hətta özünə inamsızlıq kimi psixoloji çətinliklər yarada bilir. İnternetdəki nəzarətsiz kontent uşaqların düşüncə tərzinə və dəyərlərinə də mənfi təsir göstərir”.
Psixoloq valideynlərin bu prosesi idarə etmək üçün ilk növbədə özləri nümunə olmalı olduğunu əlavə edib:
“Ekran vaxtı ilə bağlı aydın qaydalar qoymaq, uşağın gününü balanslı təşkil etmək, idman, kitab oxumaq və ailəvi fəaliyyətlərə daha çox yer vermək lazımdır. Ən önəmlisi isə uşağın maraqlarını anlamaq və onunla ünsiyyəti gücləndirməkdir. Çünki valideynlə güclü emosional bağ quran uşaq virtual mühitə daha az bağlanır. Yəni internet tamamilə qadağan olunmamalıdır, amma düzgün nəzarət və balansla istifadəsi təmin edilməlidir”.
Qeyd edək ki, dünyada smartfon istifadəçilərinin sayı sürətlə yüksəlməyə davam edir. Ən çox istifadəçi sayına malik ölkələr sırasında Çin (təxminən 975 milyon), Hindistan (659 milyon), ABŞ (276 milyon), İndoneziya (187 milyon), Braziliya (143 milyon), Rusiya (106 milyon) və Yaponiya (97 milyon) ön sıralardadır. ABŞ və Yaponiyada smartfon artımı 80 faizə yaxınlaşaraq əhalinin böyük hissəsini əhatə edir.
Azərbaycan da bu tendensiyadan geri qalmır. Mobil telefon mobil telefon abunəçilərinin sayı 11 milyon nəfərdir. Bu barədə məlumatı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2024-cü ildə yayıb.
Nazirliyin açıqladığı son 20 illik telekommunikasiya statistikasına əsasən, ölkə ərazisinin 100 faizi mobil şəbəkə ilə əhatə olunub.
