Küləkli və soyuq havalarla birlikdə artan tənəffüs yolu infeksiyaları sırasında bokavirus də təhlükə yaradır. Mütəxəssislər, xüsusilə 2 yaşdan kiçik uşaqlarda ağır pnevmoniyaya səbəb ola bilən bu virusun, sürətli nəfəs alma, öskürək və hərarət kimi əlamətlərlə özünü göstərdiyini bildirirlər.
Referans Media xəbər verir ki, Necmettin Erbakan Universiteti Tibb Fakültəsi Uşaq İnfeksion Xəstəlikləri şöbəsinin rəhbəri dosent Dr. Özge Metin Akcan açıqlamasında bildirib ki, bokavirus yeni virus deyil və əvvəlcədən məlum olan tənəffüs yolu patogenlərindən biridir. Onun sözlərinə görə, virus ən çox 2 yaşdan kiçik uşaqlarda, yuxarı tənəffüs yollarından başlayaraq ağır pnevmoniyaya qədər gedən klinik əlamətlərlə müşahidə olunur.
“2 yaşdan kiçik uşaqlarda ağır tənəffüs yolu infeksiyası hətta ölümə qədər gedə bilər,” – deyə Dr. Akcan əlavə edib. O, bokavirusun xüsusi müalicəsinin olmadığını və xəstələrə dəstək terapiyası göstərilməsinin vacib olduğunu vurğulayıb. Həmçinin, uşaqların qida və maye qəbulunun təmin olunmasının, lazım gələrsə, xəstəxanada müalicə olunmasının həyati əhəmiyyət kəsb etdiyini qeyd edib.
Dr. Akcan, bokavirusun yoluxucu olduğunu və əsasən öskürək zamanı yayıldığını, həmçinin əllərin yuyulmasının və havalandırmanın önəmli olduğunu bildirib. Virusun xüsusilə qış aylarında pik həddə çatdığını və digər tənəffüs yolu virusları ilə birlikdə dövr etdiyini əlavə edib.






















