Valideynlərin böyük səhvi: Bəzi vitaminlər uşaqları zəhərləyə bilər

Bir çox valideyn uşaqlarının daha sağlam böyüməsi və vitamin çatışmazlığı yaşamaması üçün onlara müxtəlif vitamin preparatları verir. Həmin vitaminlərin çoxu həkim məsləhəti olmadan, profilaktik məqsədlə uşaqlara verilir. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, vitaminlər faydalı olsa da, onların normadan artıq qəbulu bəzi hallarda sağlamlıq üçün ciddi risklər yarada, zəhərlənmələrlə nəticələnə bilər.

Bəs hansı vitaminlər orqanizmdə yığılaraq zəhərlənməyə səbəb ola bilər? Sağlam qidalanan uşağın hər zaman əlavə vitamin qəbul etməsinə həmişə ehtiyac varmı?

Referans Media xəbər verir ki ,məsələ ilə bağlı pediatr Elşən Tağıyev Sfera.az-a açıqlama verib.
Mütəxəssis xüsusilə hansı dərmanlara diqqət yetirilməli olduğunu izah edib:


“Ən çox diqqət yetirilməli olan vitaminlər A, D, E və K vitaminləridir. Bu vitaminlər yağda həll olunduqları üçün orqanizmdə yığıla bilir. Normadan artıq qəbul edildikdə isə zəhərlənməyə səbəb olurlar. Məsələn, D vitamininin həddindən artıq qəbulu qanda kalsiumun yüksəlməsinə, ürəkbulanma, qusma, qəbizlik, susuzlaşma və hətta böyrək zədələnməsinə gətirib çıxara bilər. A vitamininin artıq dozası isə baş ağrısı, qaraciyər problemləri və sümük dəyişiklikləri ilə əlaqələndirilir”.

E.Tağıyev sağlam qidalanan uşaqlar üçün əlavə vitamin preparatlarından istifadə edilməsinə ehtiyac olmadığını bildirib:

“Müxtəlif və balanslı qidalanan, normal inkişaf edən uşaqların çoxunda əlavə multivitamin preparatlarına ehtiyac olmur. Meyvə, tərəvəz, süd məhsulları, ət, balıq və taxıl məhsulları ilə zəngin qidalanma uşağın vitamin və mineral tələbatının böyük hissəsini qarşılayır. Vitamin əlavələri əsasən laborator olaraq təsdiqlənmiş çatışmazlıq hallarında, müəyyən xroniki xəstəliklərdə, xüsusi qidalanma məhdudiyyətləri olan uşaqlarda və ya risk qruplarında istifadə edilməlidir. Unutmaq olmaz ki, vitaminlər zərərsiz qida əlavələri deyil, bioloji aktiv maddələrdir. Uşağın ehtiyacından artıq verilən vitamin preparatları faydadan çox zərər verə bilər. Buna görə də hər hansı vitamin əlavəsinə başlamazdan əvvəl onun həqiqətən lazım olub-olmadığını qiymətləndirmək vacibdir. Sağlam uşağın əsas “vitamini” isə balanslı qidalanma, fiziki aktivlik və keyfiyyətli yuxudur”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki