Vaşinqtonda diplomatik zəlzələ: İran planı liderləri üz-üzə qoydu

ABŞ mətbuatında yayılan iddialara görə, ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında İran mövzusu ətrafında keçirilən telefon danışığı gərgin keçib.

Referans Media xəbər verir ki, Axios-un hökumət mənbələrinə istinadən yaydığı məlumata əsasən, söhbət zamanı tərəflər İranla bağlı yeni “sülh planı” üzərində fikir ayrılığı yaşayıblar.

Məlumata görə, Tramp görüş zamanı Netanyahuya ABŞ və İran arasında münaqişənin sona çatdırılması üçün 30 günlük danışıqlar prosesini nəzərdə tutan yeni “niyyət məktubu” layihəsini təqdim edib. Planın əsas məqsədinin İranın nüvə proqramı və Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı məsələlərin diplomatik yolla həlli olduğu bildirilir.

Lakin iddialara görə, İsrail Baş naziri Benyamin Netanyahu bu plana ehtiyatla yanaşıb və İranın hərbi imkanlarının zəiflədilməsi üçün hərbi təzyiqin davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

Mənbələr qeyd edir ki, iki lider arasında gələcək yol xəritəsi ilə bağlı ciddi fikir ayrılığı yaranıb və Netanyahu görüşdən narazı ayrılıb.

Hadisə ABŞ və İsrail arasında İran siyasəti üzrə mövcud gərginliyin daha da artdığı kimi şərh olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki