Yay fəslinin gəlişi ilə Azərbaycanda daxili turizmə maraq əhəmiyyətli dərəcədə artır. Quba, Şəki, Qəbələ, İsmayıllı, Şamaxı və digər bölgələr öz təbii gözəllikləri, tarixi və mədəniyyət abidələri ilə turistlərin əsas səfər istiqamətlərindən birinə çevrilir.
Lakin qiymət siyasətindəki qeyri-sabitlik və xidmət keyfiyyətinin gözləntiləri qarşılamaması yerli turistlərin məmnunluğuna mənfi təsir göstərir. Dövlət tərəfindən müxtəlif təşviq proqramları həyata keçirilsə də, vətəndaşlar hələ də müəyyən çətinliklərlə üzləşirlər.
Azərbaycanın qeyd olunan turizm bölgələrində yay mövsümündə hansı təşkilati problemlər mövcuddur? Bu sahədə nə kimi addımlar atılmalıdır? Daxili turistlər üçün qiymət siyasəti daha əlçatan şəkildə qurulmalıdırmı?
Globalinfo.az-a danışan DAİR Hotellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, turizm səfərlərinin qiymətini yalnız hotellərin bahalığı ilə ölçmək doğru yanaşma deyil:
“Bu məsələ cəmiyyətin geniş təbəqəsində haqlı narazılıq doğurur və yerli turizmin inkişafı baxımından çox aktualdır. Azərbaycanda istirahət mövsümü əsasən yay aylarına təsadüf edir və bu qısa müddət ərzində gəlir əldə etmək istəyi qiymətləri süni şəkildə artırır. Regionlarda alternativ hotel və xidmət variantlarının azlığı da qiymət siyasətinə təsir edir. Digər tərəfdən, hotel biznesində enerji, işçi qüvvəsi, ərzaq və logistika xərcləri yüksəkdir. Vergi yükü isə bəzi ölkələrlə müqayisədə daha ağırdır. Bu da xüsusilə qeydiyyatsız fəaliyyət göstərən obyektlərlə rəqabət aparan rəsmi müəssisələr üçün əlavə çətinlik yaradır”.
Ekspert bildirir ki, bəzi hallarda real xidmət səviyyəsi ilə tələb olunan qiymətlər arasında ciddi uyğunsuzluq müşahidə olunur:
“Bu, insanlar arasında qiymət–keyfiyyət balansına dair narazılıq yaradır. ‘5 ulduz’ adı altında fəaliyyət göstərən bəzi obyektlər beynəlxalq standartlara cavab vermir, lakin qiymətlər yüksək saxlanılır. Halbuki, Türkiyə və Misir kimi ölkələrdə hökumət hotellərə vergi güzəştləri, subsidiyalar və turpaket stimulları təqdim edir. Azərbaycanda isə bu cür təşviqlər sistemli şəkildə tətbiq olunmur. Nəticədə, hotellər bütün xərcləri birbaşa müştərinin üzərinə yükləməyə çalışır”.
Samir Dübəndi hesab edir ki, problem təkcə qiymətlə məhdudlaşmır — əsas narazılıq xidmətin keyfiyyətsiz olmasıdır:
“Əgər bu məsələlər sistemli şəkildə həll olunmasa, yerli turistlərin xarici ölkələrə axını davam edəcək. İstirahət sadəcə bir otaqda gecələmək deyil — bu, təcrübədir, komfortdur, sosial təmas və məmnuniyyətdir. Turizm inkişafı üçün bu təcrübə vahid paket formasında qurulmalı və rəqabətədavamlı qiymətə uyğun xidmət keyfiyyəti təmin olunmalıdır”.
Mütəxəssisin sözlərinə görə, daxili turizm təkcə regionlarla məhdudlaşmamalıdır:
“İri şəhərlərin, o cümlədən paytaxt Bakının və onun ətrafında formalaşan Bakı Turizm Klasterinin də özünəməxsus və beynəlxalq səviyyədə qorunan təbii və antropogen turizm ehtiyatları mövcuddur. Regionlarda yaşayan insanların mədəni maariflənməsi, asudə vaxtının səmərəli təşkili və digər sosial məsələləri nəzərə alaraq region–paytaxt istiqamətində də turizm proqramları tətbiq etmək mümkündür. Eyni zamanda bu, Bakı hotellərinin, turizm şirkətlərinin, bələdçilərin və digər əlaqəli sahələrin davamlı inkişafına töhfə verə bilər”.
Sonda Samir Dübəndi turizm sahəsinin xarici amillərdən asılı olduğuna diqqət çəkərək əlavə edir:
“Dünyada baş verən proseslər turizm sənayesinin qeyri-sabitliyinə səbəb olur. Belə bir şəraitdə vətəndaşlarımızın istirahət, maariflənmə, sağlamlıq və asudə vaxtlarının səmərəli təşkili üçün daxili turizmə daha çox diqqət və qayğı göstərilməlidir”.