Yeni araşdırma ürəyə zərər verən duz miqdarını müəyyənləşdirdi

Artıq uzun illərdir ki, artıq duzun sağlamlığa zərərli olduğu məlumdur. Lakin hansı miqdarın real risk yaratdığı tam aydın deyildi. Yeni araşdırma isə ürək sağlamlığı baxımından kritik həddi ortaya qoyub.

Araşdırmaya görə, tövsiyə olunan gündəlik duz (sodyum) miqdarını aşmaq ürək çatışmazlığı riskini artırır. ABŞ-da aparılan tədqiqat çərçivəsində 25 mindən çox yetkin insan təxminən 10 il ərzində izlənilib. Araşdırmanın əvvəlində iştirakçılarda ürək çatışmazlığı olmayıb, lakin müddətin sonunda onların təxminən 27 faizində bu problem yaranıb.

Məlum olub ki, iştirakçıların gündəlik orta sodyum qəbulu 4 269 milliqram olub. Halbuki, sağlamlıq qurumları tərəfindən tövsiyə edilən hədd təxminən 2 300 milliqramdır. Bu göstəricinin demək olar ki, iki dəfə aşılması ürək çatışmazlığı riskini 15 faiz artırır. Hər əlavə 1 000 milliqram sodyum isə riski daha 8 faiz yüksəldir.

Araşdırma göstərib ki, təkcə həddindən artıq deyil, davamlı olaraq yüksək duz qəbulu da ürək sağlamlığına ciddi zərər vurur. Uzun müddətdə bu, ürək əzələsinə düşən yükü artırır və onun fəaliyyətini zəiflədir.

Digər diqqət çəkən məqam isə sodyumun əsas mənbəyidir. Məlum olub ki, gündəlik qəbul edilən sodyumun 70 faizdən çoxu evdə istifadə olunan duzdan deyil, hazır və paketlənmiş qidalardan gəlir. Xüsusilə emal olunmuş ət məhsulları, hazır yeməklər, souslar və qəlyanaltılar yüksək sodyum tərkibi ilə seçilir.

Tədqiqatda iştirak edənlərin əksəriyyətinin aşağı gəlirli bölgələrdə yaşadığı da qeyd olunub. Təzə qidalara çıxışın məhdud olması insanların daha çox hazır və duzlu məhsullara yönəlməsinə səbəb olur.

Mütəxəssislər bildirir ki, kiçik azalmalar belə böyük fərq yarada bilər. Məsələn, gündəlik sodyum qəbulunun 4 200 milliqramdan 4 000 milliqrama endirilməsi 10 il ərzində ürək çatışmazlığı hallarını 6,6 faiz azalda bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki