backend

Yeni texnologiyalar avtoqəzaları artırır: “Avropada buna reaksiyalar gəldi”

Avtomobil sənayesində texnoloji yeniliklərin tətbiqi sürətlə artır. Xüsusilə yeni nəsil avtomobillərdə böyük sensor ekranların, multimedia sistemlərinin və internet bağlantılarının geniş tətbiqi sürücülərə həm rahatlıq, həm də əlavə funksionallıq təqdim edir. Lakin bu komfortun arxasında ciddi təhlükələr də dayanır. Xüsusilə monitorlar vasitəsilə video və ya film izləməsi faktlarına rast gəlinir. Bu isə təkcə şəxsi təhlükəsizliyi deyil, yolda olan hər kəsin həyatını riskə atır.

Böyük multimedia ekranlarının avtomobildə istifadəsi, xüsusən də hərəkət zamanı film izləmək, hansı real təhlükələr və problemlər yaradır? Texnologiyanın inkişafı sürücünün diqqətinə və yol təhlükəsizliyinə necə təsir edir?

Referans Media  xəbər verir ki, mövzu ilə bağlı danışan “MasterClass” layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bu məsələ xüsusən də inkişaf etmiş ölkələrdə aktual məsələlərdən biridir.

Onun sözlərinə görə, sürücünün qarşısında o qədər monitorun olması daha çox diqqətini yayındırır:

“Üstəlik, ən adi funksiyalar belə düymələrdən monitora keçib. Məsələn, kondisioner və ya radio kimi ən çox istifadə olunan funksiya düymə vasitəsilə olanda artıq əl öyrəşir harada olduğuna və diqqət də yayınmır, lakin bu gün həmin funksiyalar monitordadır. Sürücü o əməliyyatları icra edəndə diqqət yayınır. Çin avtomobillərinin əksəriyyətində belədir.  “Audi”, “BMW”, “Volkswagen”  kimi bəzi markalar müəyyən avtomobil modellərində fiziki düymələrdən imtina etmişdilər, lakin Avropada buna reaksiyalar gəldi, təhlükəsizliklə bağlı SOS siqnalı verildi və fiziki düymələrə qayıtdılar”.

Mütəxəssis qeyd edib ki, bu məsələ təhlükəsizlik üçün ciddi təhdiddir, ölkəmizdə isə bu işlə məşğul olan yoxdur:

“Baş verən qəzalarda da bu kimi amillərin nə qədər rol oynadığı, sürücünün diqqətinin neçə faizini yayındırması ilə bağlı sorğular aparılmır. Həmçinin, hadisələr detallı araşdırılmır. Bizdə qəzalar araşdırılsa, bilmək olardı ki, sürücünün diqqəti daha çox nəyə görə yayınır. Bizdə ümumilikdə buna səbəb telefon deyilir.  2010-cu ilin “Mecedes” markalı avtomobilində belə radionu yandırdıqda “musiqinin diqqətinizi yayındırmasına imkan verməyin” tipli xəbərdarlıq gəlir. Müasir maşınlarda bunu o qədər adiləşdiriblər ki, təhlükəsizlik qalıb qıraqda. Son zamanlar DYP-nin paylaşdığı qəza görüntülərində də görürük ki, bir avtomobil sağa verib saxlamaq istəyəndə arxadakı tez gəlib vurur onu çünki arxa avtomobildəki sürücü yola baxmır və “avtopilot” rejimində gedir”. sfera.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki