Alimlər İtaliyanın Toskana bölgəsində nəhəng bir maqma ehtiyatı aşkar ediblər.
Referans Media xəbər verir ki, aparılan tədqiqata görə, təxminən 8-15 kilometr dərinlikdə 5000-6000 kub kilometrlik ərimiş və ya qismən ərimiş qaya kütləsi mövcuddur.
Tədqiqatçılar ehtiyatı aşkar etmək üçün “ətraf mühitin səs-küyü tomoqrafiyası” metodundan istifadə ediblər. Sözügedən texnika, okean dalğaları, külək və insan fəaliyyəti kimi mənbələrin yaratdığı təbii yer titrəmələrini təhlil edərək Yer qabığının daxili quruluşunu xəritələşdirir.
“Discover Magazine”nin məlumatına görə, böyük maqma sistemləri kraterlər, qaz emissiyaları və vulkan püskürmələri kimi səth əlamətləri ilə aşkar edilir. Lakin mütəxəssislərin fikrincə, Toskanada son zamanlar əhəmiyyətli vulkanik aktivliyin olmaması yeraltı strukturun illərlə gizli qalmasına səbəb olub.
Tədqiqat “Commu nications Earth & Environment” jurnalında dərc olunub./Publika.az























