Yerşünas alim, professor Şener Üşümezsoy Türkiyədə gözlənilən zəlzələlərlə bağlı müzakirələrə səbəb olan açıqlamalar verib. O, İstanbul və Yedisu fayları ilə bağlı səsləndirilən böyük zəlzələ ssenarilərini şübhə altına alaraq, əsas təhlükənin Denizli bölgəsində olduğunu bildirib.
Referans Media xəbər verir ki, Professorun sözlərinə görə, son dövrlərdə Pamukkale–Denizli xəttində qeydə alınan seysmik aktivlik həmin ərazidə ciddi riskin mövcudluğunu göstərir.
Şener Üşümezsoy bildirib ki, Pamukkale və Denizli istiqamətində uzanan fay xətti hazırda aktiv vəziyyətdədir və burada 6–6,5 bal gücündə zəlzələnin baş vermə ehtimalı mövcuddur.
Onun fikrincə, bölgədəki zəif geoloji quruluş səbəbindən belə bir zəlzələ ciddi şəkildə hiss oluna və əhəmiyyətli fəsadlara yol aça bilər.
Mütəxəssis İstanbulda 7 və daha böyük gücdə zəlzələ olacağı ilə bağlı proqnozlarla razılaşmadığını bildirib. O qeyd edib ki, Mərmərə bölgəsində iddia edildiyi kimi vahid və böyük fay sistemi mövcud deyil.
Üşümezsoyun sözlərinə görə, İstanbul ətrafında baş verə biləcək mümkün zəlzələlərin maksimal gücü təxminən 6,2 bal səviyyəsində ola bilər.
Professor Yedisu fayında 7,4 bal gücündə zəlzələ ehtimalı ilə bağlı səsləndirilən fikirləri də qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, həmin fayın geoloji xüsusiyyətləri bu miqyasda dağıdıcı zəlzələ yaratmağa imkan vermir.
Adana bölgəsi barədə danışan alim qeyd edib ki, burada da genişmiqyaslı dağıdıcı zəlzələ gözləmir. O, bölgədə maksimum 6,1–6,2 bal gücündə sarsıntıların mümkün olduğunu vurğulayıb.
Şener Üşümezsoy Malatya-Pötürge xəttində gərginliyin tam boşalmadığını və burada 6,5 bala yaxın zəlzələ riskinin qaldığını bildirib.
Egey bölgəsinə gəlincə, alim Marmaris sahillərində 6 bal gücündə zəlzələlərin baş verə biləcəyini qeyd edib. Bodrum və Santorini ətrafında isə enerjinin kiçik zəlzələlərlə boşaldığını, buna görə də böyük dağıdıcı zəlzələ gözləmədiyini deyib.
